Xəbərlər

Geosiyasi mübarizə dünyanı cəbhəyə çevirib – ŞƏRH

“Hazırda dünyada gedən proseslər: Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərq, Asiyada, Hind Okeanı hövzəsində, ABŞ–Venesuela, Cənubi Qafqazda və sair konflikt və qarşıdurmalar formaca müxtəlif olsa da, mahiyyətcə eyni geosiyasi savaşın tərkib hissələridir. Heç bir regional münaqişə artıq lokal xarakter daşımır. Dünya güclərinin qlobal səviyyədə apardığı böyük geosiyasi mübarizə hər regionu bir cəbhə xəttinə çevirib. Bütün bunlar ABŞ, Çin, Rusiya, Avropa arasında gedən strateji qarşıdurmanın müxtəlif fazalarıdır. Hətta Hindistan da fərqli konfliktlərə müdaxilə etməklə özünü qlobal güc kimi göstərməyə çalışır. Regionun coğrafiyası dəyişsə də, proseslərin mahiyyəti dəyişmir: dünyanın yeni güc arxitekturası formalaşır və hər bir konflikt bu arxitekturanın ayrılmaz elementi kimi çıxış edir”.

Sosdem.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.

Ekspertin fikrincə, bütün qlobal çəkişmələr bir-biri ilə sıx bağlıdır və regional qarşıdurmalar bütövlükdə dünya geosiyasi nizamının dəyişməsində istifadə olunur.

Politoloq qeyd edib ki, məhz ABŞ prezidenti Trampın Rusiya-Ukrayna müharibəsində faktiki olaraq Ukraynanı kapitulyasiyaya məcbur etməsinin də öz geosiyasi hədəfləri var. Əsas məqsəd Çinin sürətli inkişafını məhdudlaşdırmaq üçün onun faktiki xammal bazasına çevrilən Rusiyanı ondan ayırmaq və özünə tərəf çəkməkdir:

“Trampın Rusiya-Ukrayna müharibəsinə münasibəti və səyləri Rusiyanı Avropa üçün real təhlükə ehtimalını gücləndirir və Avropanı ABŞ-dən daha asılı vəziyyətə salır, ABŞ-nin bütün tələbləri Avropa tərəfindən icra edilir. Ancaq artıq Avropa ölkələri, xüsusən də Böyük Britaniya, Almaniya, Fransa Donald Trampa qarşı öz planlarını həyata keçirməyə başlayıb. Bu günlərdə Ukrayna prezidenti Zelenskini Londonda qarşılayaraq kollektiv Avropa dəstəyi nümayiş etdirməklə nəinki Rusiyaya, paralel olaraq Trampa da sərt mövqelərini göstərdilər. Proses onu göstərir ki, Avropa daha ABŞ-yə, daha doğrusu Tramp hakimiyyətinə etibar etmir. Avropa İttifaqı artıq ABŞ olmadan öz təhlükəsizliyini təmin etmək üçün praktik mərhələyə keçib. Baxmayaraq ki, diplomatik dildə həm Tramp, həm də Avropa liderləri bir-birlərinə normal müttəfiqlik münasibətlərinin olduğunu səsləndirir. Şübhə yoxdur ki, Böyük Britaniya, Almaniya və Fransa Avropanın ABŞ-dən asılı olmayan təhlükəsizlik mexanizmini yarada bilər. Tarix də Almaniyanın hansı hərbi qüdrətə malik ola biləcəyinin şahiddir. Türkiyənin də Avropanın təhlükəsizliyində iştiraka cəlb edilməsi mümkündür”.

MCP rəsmisi hesab edir ki, Rusiyanın nəinki Avropaya, keçmiş sovet respublikalarına təhlükə olacağı ehtimalı daha yüksəkdir.

Vüqar Dadaşovun sözlərinə görə, xüsusən də Rusiya istədiyi və Trampın həyata keçirməyə çalışdığı Ukraynanın kapitulyasiyasından sonra Kremlin “SSRİ-nin bərpası”na əminliyi daha da güclənə bilər:

“Təsadüfi deyil ki, Rusiya prezidentinin sözçüsü Peskov bir neçə gün əvvəl Rusiyanın “SSRİ-nin bərpası” planlarının olmadığını desə də, Putinin dəfələrlə SSRİ-nin dağılması ilə barışmadığını və bunu özünün şəxsi faciəsi hesab etdiyini dilə gətirib. Ardınca isə Rusiya prezidenti çıxış edərək keçmiş sovet respublikalarının cəlb edildiyi hərbi blok KTMT-nin daha da gücləndirmək niyyətində olduğunu bəyan edib. Əlbəttə ki, Rusiya hazırda Ukraynada işğalçılıq müharibəsini SSRİ bayrağı ilə aparır. Söz yox ki, əgər Rusiya SSRİ-ni bu və ya digər adda bərpa etmək istəmirsə, onda Gürcüstandan (Abxaziya, Osetiya-red.), Moldovadan, Ermənistandan və nəhayət Ukraynadan öz ordusunu çıxarmalıdır”.

Bir cavab yazın

Back to top button