Deputat toylardan danışdı: Tonlarla kabab zibilə atılır…

Azərbaycanda toy mədəniyyəti xalqımızın ən gözəl adətlərindən biridir. Lakin etiraf etməliyik ki, bu gün toylarımızda israfçılıq həddini aşmış vəziyyətdədir. Şadlıq evlərində süfrələrdə artıq qida tullantıları, sonsuz menyu çeşidləri, dekorasiya və şou xərcləri əndazəni aşır. Tonlarla kabablar zibilə atılır, amma ət ala bilməyən minlərlə ailə var.
Sosdem.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev deyib.
Millət vəkili bu halın nə dini, nə milli ənənə, nə də iqtisadi baxımdan məntiqli izahının olmadığını qeyd edib.
“Bizim toylarımız sevinc məclisi olmaqdan çıxıb, sanki sosial yarışa çevrilib. İsrafçılıqla mübarizə təkcə maliyyə məsələsi deyil, həm də sosial məsuliyyətdir”, – Partiya başqanı deyib.
Deputat toylarımızda, restoranlarda musiqi səsinin də ciddi problem olduğunu bildirib.
“Şadlıq evlərinin əksəriyyəti səsi udan akustik materiallarla təchiz olunmayıb. Nəticədə valideynlər, yaşlı insanlar, hətta uşaqlar saatlarla yüksək səsin altında qalır. Musiqi xadimləri də məcbur olub səsi artırır, çünki zal akustikası zəifdir; bu isə qulaq tutulmasına, baş ağrılarına, uzunmüddətli eşitmə problemlərinə səbəb olur. Xalqın ən sevincli günü sağlamlıq riski daşıyan mühitə çevrilir. Toy sahibi musiqini eşitmək əvəzinə, sadəcə səs-küy eşidir. Musiqi səsi sevinc yaratmalıdır, insanların qulağını sıradan çıxarmamalıdır”, – millət vəkili əlavə edib.

MCP başqanı qeyd edib ki, dünyanın bir çox ölkəsində – Türkiyə, Yaponiya, Avropa Birliyi ölkələri – restoranlar üçün xüsusi akustik standartlar var.
“Musiqinin səs gücü adətən 85–90 dB həddini keçə bilməz. Bu hədd insan qulağı üçün təhlükəsiz hesab edilir. Zalın divarları səsi udan panellərlə, tavan xüsusi akustik örtük ilə təmin olunur. Bizdə isə bir çox şadlıq evində bu tələblər yoxdur, nəticədə musiqinin səsi 100–110 dB həddinə qədər yüksəlir ki, bu da sağlamlıq üçün təhlükəlidir”, – deputat bildirib.
Millət vəkili təklif edib ki, şadlıq evlərinin lisenziyalaşdırılmasında akustik standartlar məcburi olsun, səs gücü üçün yuxarı limit tətbiq edilsin, akustik panellər və səsizolyasiya dövlət standartının bir hissəsinə çevrilsin.
“Bununla həm sağlamlıq qorunar, həm musiqi daha keyfiyyətli səslənər, həm də toylarımız mədəniyyət və rahatlıq baxımından dünya səviyyəsinə çatmış olar.
Hörmətli həmkarlar, bizim toy mədəniyyətimiz gözəldir, amma onu daha sağlam, daha səmərəli və daha mədəni etmək bizim borcumuzdur. İsrafçılıq azaldılmalı, musiqinin səsi normaya salınmalı, şadlıq evləri beynəlxalq standartlara uyğunlaşmalıdır”, – Razi Nurullayev deyib.