Azərbaycan vətəndaşının Ukraynada vuruşması… – Hüquqi baxış

“Rusiya-Ukrayna müharibəsi ədalətsiz və təcavüzkar xarakter daşıyır. Bu münaqişədə Azərbaycan vətəndaşlarının iştirakı mənəvi baxımdan düzgün hesab edilə bilməz”.
Sosdem.az xəbər verir ki, bunu Hafta.az-a Milli Cəbhə Partiyasının başqan müavini, hüquqşünas Vüqar Dadaşov bildirib.
Şərhçinin sözlərinə görə, Rusiyanın Ukrayna ərazisində apardığı müharibəyə Azərbaycan vətəndaşlarının cəlb olunması həm hüquqi, həm də mənəvi baxımdan yolverilməzdir.
“Çünki Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı birbaşa Rusiyanın dəstəyi ilə həyata keçirilmişdir. Azərbaycan, xalqımız bu illər ərzində çox əziyyətlər çəkib, bu işğala son qoymaq üçün çox itkilər verib. Məsələnin hüquqi tərəfi də aydındır. Rusiya xarici vətəndaşların müharibəyə cəlb olunmasını asanlaşdırmaq məqsədilə daxili qanunvericilikdə dəyişikliklər edib və bu şəxslərə Rusiya vətəndaşlığı, maddi kompensasiyalar və digər hüquqlar təqdim edir. Bu isə yalnız Azərbaycana deyil, həmçinin Afrika, Orta və Mərkəzi Asiya ölkələrinin vətəndaşlarının da iştirakı üçün zəmin yaradıb. Beynəlxalq hüquqada isə ədalətsiz və qanunsuz müharibələrdə iştirak qəti şəkildə qadağandır”.
Analitik qeyd edib ki, Azərbaycan vətəndaşlarının Rusiya tərəfindən Ukraynada aparılan müharibədə iştirakı həm beynəlxalq hüquqa, həm də Azərbaycan qanunvericiliyinə ziddir:
“Bu əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 114-cü maddəsində (muzdluluq), 279-cu maddəsində (qanunsuz silahlı birləşmələrdə iştirak) nəzərdə tutulub. Hər iki maddə ağır və xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir və müvafiq məsuliyyət nəzərdə tutur”.

MCP rəsmisi Azərbaycan vətəndaşlarının müharibədə iştirak etməsinin səbəblərinə də toxunub:
“Səbəblər müxtəlifdir. Bunlardan biri sosial-iqtisadi vəziyyətdir, xüsusilə 44 günlük müharibədən sonra insanların maddi təminatının zəif olmasıdır. Rusiya tərəfindən təklif edilən yüksək maddi təminatlar müəyyən şəxsləri cəlb edə bilər. Lakin bu, Azərbaycan qanunvericiliyi çərçivəsində məsuliyyəti aradan qaldırmır. Gələcəkdə bu cür halların qarşısını almaq üçün əhalinin maarifləndirilməsi mütləqdir”.