Xəbərlər

Vətəndaşı narahat edən əsas məsələlər… – Deputat

“Son günlər icra strukturları ilə bağlı müzakirələrin artması bir daha göstərir ki, cəmiyyətin əsas gözləntisi sosial problemlərin həllidir”.

Sosdem.az xəbər verir ki, bunu Pravda.az-a Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev deyib.

Millət vəkili əlavə edib ki, İnsanları narahat edən əsas məsələ iş yerlərinin azlığı, əmək bazarının zəif inkişafı, yerli iqtisadi fəallığın aşağı olması və bunun nəticəsində bölgələrdən böyük şəhərlərə axındır.

“Bu, real problemdir və idarəçilik orqanları üçün ciddi siqnal kimi qəbul edilməlidir. İctimai müzakirələr bəzən fərdi davranışları və ya hansısa şəxsin geyimini diqqətə gətirir. Amma vəzifəli şəxslərin geyiminin qiymətləndirilməsi tənqid çərçivəsinə daxil deyil və əsas məsələdən yayındırır. Əsas qiymətləndirilməli olan görülən işlər, idarəçilik mədəniyyəti, əhalinin problemlərinə həssaslıq və konkret nəticələrdir”, – MCP başqanı deyib.

Deputat ölkənin sosial inkişafı üçün əsas prioritetləri qeyd edib.

“Yeni iş yerlərinin yaradılması, mikro və kiçik sahibkarlığa real dəstək, kənd təsərrüfatı və sənaye sahələrində investisiya mühiti, gənclər üçün imkanların genişləndirilməsi, həmçinin vətəndaşların bölgələrdə qalmasını təmin edən uzunmüddətli proqramlar. Bu istiqamətdə ardıcıl və sistemli addımlar atılarsa, narazılıqlar da azalacaq. İctimaiyyət idarəçilikdə daha çox şəffaflıq, sosial yönümlü fəaliyyət və problemlərə operativ reaksiya gözləyir. Məncə, bu gözləntilərə cavab vermək həm zərurət, həm də zamanın tələbidir”, – Razi Nurullayev bildirib.

Bir cavab yazın

Back to top button