Ayda 400 manat inkişaf deyil… – Ekspert

“Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev bildirib ki, “ötən müddət ərzində minimum əməkhaqqının 3,1 dəfə artırılmasına nail olmuşuq. Artıq minimum əməkhaqqını 400 manata çatdıra bilmişik. Biz bu islahatlara başlayanda minimum əməkhaqqı 130 manat idi.”
Yəni təxminən 12 ilə cəmi 270 manat artım. Hörmətli Anar müəllim, gəlin bu rəqəmlərə real həyat prizmasından baxaq- 400 manat minimum əməkhaqqı ilə indiki qiymətlərlə kasıb dolana bilərmi?”.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, deputat Razi Nurullayevin köməkçisi Ehtiram Mehtiyev deyib.
MCP rəsmisi qeyd edib ki, 12 il əvvəl minimum əməkhaqqı 130 manat olanda, ərzağın qiymətləri bugünkü ilə müqayisədə bir neçə dəfə aşağı idi:
“Düzdür, o dövrdə də 130 manatla yaşamaq çətin idi, amma indi də vəziyyət dəyişməyib. Bu gün qiymətlər ən azı 3-4 dəfə artıb, lakin əməkhaqqının artımı bu bahalaşmanın yanında demək olar ki, hiss olunmur. Azərbaycan kimi milyardlarla gəlir əldə edən bir ölkədə vətəndaşın ayda 400 manat alması inkişaf deyil. Hətta demək olar ki, minimum əməkhaqqı alan sadə vətəndaşın bir aylıq maaşı, bəzi məmurların bir saata xərclədiyi pulla müqayisə olunmayacaq qədər kiçikdir.
Belə təqdim olunan hesabatlar ədalətli deyil. Hətta demək olar ki, bu cür şişirdilmiş göstəricilərlə Ölkə Başçısına da düzgün informasiya verilmir.
Bir sorğu keçirin görün, sizin təqdim etdiyiniz “xoşbəxt Azərbaycan modeli” ilə nə qədər vətəndaş gerçəkdən yaşaya bilir?” – deputat köməkçisi deyib.
