Xəbərlər

Paşinyan uduzsa, sülh bitəcək? – ŞƏRH

2026-cı ilin iyununda Ermənistanda keçiriləcək parlament seçkiləri faktiki olaraq Rusiya və Qərb arasında açıq geosiyasi mübarizə formasını alıb və bu proses Ermənistanın daxili siyasi gündəmindən çıxaraq regional güclərin toqquşma meydanına çevrilib.

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, politoloq Vüqar Dadaşov deyib.

MCP rəsmisi bildirib ki, Moskva üçün Paşinyanın hakimiyyətdə qalması tamamilə qəbuledilməzdir.

“Rusiya Paşinyanın hakimiyyətini bitirmək üçün proseslərə çoxdan start verib. İran isə hətta Rusiyadan daha çox Paşinyanın devrilməsində maraqlıdır”, – politoloq vurğulayıb.

Ekspertin sözlərinə görə, Paşinyanın hakimiyyətdən getməsi Azərbaycan-Ermənistan danışıqlarını birbaşa riskə sala bilər.

“Bu sual tamamilə əsaslıdır: əgər Paşinyan hakimiyyəti itirsə, sülh prosesi, sərhədlərin müəyyənləşməsi və Zəngəzur dəhlizi ilə bağlı danışıqlar dayana bilərmi? Bəli, dayana bilər”, – başqan müavini qeyd edib.

Şərhçi deyib ki, Rusiyaya meyilli qüvvələrin hakimiyyətə gəlməsi halında proseslərin dayanması qaçılmaz görünür.

“Əvvəlcə sülh danışıqları dondurulacaq. Hətta neytral fiqur gəlsə belə, danışıqların dayanma ehtimalı çox yüksəkdir. Koçaryan-Sarkisyan xətti və ümumiyyətlə Rusiyaya bağlı qüvvələr hakimiyyətə gələrsə, ‘Qarabağ məsələsi’ ritorikası dərhal geri qayıdacaq. Sərhəddə təxribatların artması mümkündür. Zəngəzur dəhlizi isə yeni hökumət üçün tam qırmızı xətt olacaq”, – politoloq deyib.

MCP rəsmisi əlavə edib ki, antitürk və anti-Azərbaycan mövqeyinə sahib Rusiyaya yaxın qüvvələr Zəngəzur dəhlizini “Azərbaycanın və Türkiyənin geosiyasi qələbəsi” kimi təqdim etdiklərindən, prosesə qarşı sərt reaksiya verəcəklər.

“Əgər Rusiya və İran Paşinyanın növbəti qələbəsinin qarşısını alsa, Zəngəzurla bağlı hansısa proses yalnız Rusiyanın nəzarəti ilə davam edə bilər. İran isə dəhlizin ümumiyyətlə bu ərazidən keçməsinə belə isti baxmır”, – ekspert bildirib.

Politoloqun sözlərinə görə, hazırda Ermənistanda revanşist qüvvələrin Paşinyana qarşı əsas təbliğat mövzusu məhz Zəngəzur dəhlizi və sərhədlərin delimitasiyasıdır.

“Bu qüvvələr hakimiyyətə gələcəyi halda Ermənistanı faktiki olaraq Azərbaycanla yeni bir müharibə vəziyyətinə gətirə bilər. Sərhəddə hərbi gərginlik riski də ciddi şəkildə artacaq”, – analitik vurğulayıb.

Siyasi şərhçi qeyd edib ki, Paşinyanın devrilməsi Qərbin Cənubi Qafqaz strategiyası üçün ağır nəticələr doğuracaq.

“Paşinyanın hakimiyyətdən kənarlaşdırılması Ermənistanı yenidən Rusiyanın təsir orbitinə salacaq. Bu, ABŞ və Avropanın Azərbaycan–Ermənistan prosesinə təsir imkanlarını sıfıra endirəcək. 2020-dən sonra yaranmış yeni balans pozulacaq”, – şərhçi deyib.

Analitik Azərbaycan üçün mümkün ssenarilərə də toxunub.

“Azərbaycan yeni reallıqda öz təhlükəsizlik arxitekturasını özü müəyyənləşdirəcək. Ermənistan sərhəddə hərbi risk yaratsa, bunun çox ciddi nəticələri olacaq. Azərbaycan – AXC-nin varisi kimi – Ermənistanla heç bir sülh sənədi və delimitasiya imzalamayıb. Bütün bunlar hüquqi olaraq yeni imkanlar açır. Ermənistanı Paris Sülh Konfransında tanınmış 9 min kv.km-lik sərhədlərinə qaytarmaq ehtimalı realdır. Paşinyanın ‘Real Ermənistan’ tezisi də bu ehtimaldan doğur”, – politoloq əlavə edib.

Ekspert həmçinin alternativ marşrut variantından da danışıb.

“Ən yaxşı halda Zəngəzur dəhlizi Ermənistanın razılığı olmadan İran üzərindən Naxçıvana genişləndirilə bilər. Bu, İran və Gürcüstanın maraqlarına daha uyğundur və Ermənistanı tam təcrid vəziyyətinə sala bilər”, – başqan müavini bildirib.

Siyasi şərhçinin sözlərinə görə, Ermənistan Rusiyanın təsir orbitinə qayıdarsa, bütün proseslər Moskvaya keçəcək:

“Belə olan halda sülh, delimitasiya və Zəngəzur məsələsi tam olaraq Rusiyanın nəzarətinə düşəcək. Rusiya isə ümumilikdə Azərbaycan–Ermənistan sülh perspektivinə xətt çəkmək niyyətindədir. Paşinyanın devrilməsi Ermənistan üçün faktiki olaraq müstəqilliyin itirilməsi demək olacaq”, – politoloq deyib.

Vüqar Dadaşov əlavə edib ki, Paşinyan hakimiyyətdən uzaqlaşdırılacağı təqdirdə Rusiya ABŞ prezidenti Donald Trampın hakimiyyəti dönəmində olduğu kimi, sülh prosesinin yalnız “formallığını” müəyyən müddət saxlayacaq.

Bir cavab yazın

Back to top button