Ermənistanı kim udacaq, Rusiya, Qərb? – ŞƏRH

“Hal-hazırda Ermənistanda gedən siyasi proseslər ilk növbədə 2026-cı ilə təyin olunmuş parlament seçkilərinə hazırlıq mərhələsi, daha doğrusu, bu seçkilər uğrunda mübarizədir. Artıq Nikol Paşinyan hökuməti yenidən seçkilərə gedərək qələbəsini təmin etmək məqsədilə öz rəqiblərini – müxalifəti və Kilsəni zərərsizləşdirmək üçün proseslərə start verib.”
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov bildirib.
Politoloqun sözlərinə görə, 2026-cı il seçkilərində Paşinyanın qələbəsinə mane ola biləcək əsas qüvvə Rusiya yönümlü siyasi dairələr və Kilsə olduğundan, hazırkı prosesin əsas hədəfi məhz bu strukturların təsir imkanlarının məhdudlaşdırılmasıdır.
Analitik bildirib ki, ümumerməni katolikosu II Qaregin hələ də postunda qalsa da, Kilsənin siyasi proseslərə müdaxilə imkanları xeyli daraldılıb:
“Paşinyanın ən böyük nailiyyətlərindən biri faktiki olaraq Kilsədə parçalanma yaratmaq və iki tirəlik formalaşdırmaqdır. Qaragenin postundan uzaqlaşdırılması prosesi isə davam edir. Artıq 9 keşişdən ibarət bir qrup katolikosu dini müqəddəsliklərə hörmətsizliyi himayə etməkdə ittiham edən bəyanat yayıb.”
Ekspertə görə, Rusiya yönümlü siyasi fiqurların da ölkə daxilində təsir imkanları ciddi şəkildə azalıb:
“2020-ci il kapitulyasiyasından sonra Paşinyanın reytinqi zərbə alsa da, Ermənistan siyasi səhnəsində real alternativ yoxdur. ‘Qarabağ klanı’ – Koçaryan və Sarkisyan cütlüyünün cəmiyyətdə legitimlik problemi daha da kəskinləşib. Erməni cəmiyyətinin böyük hissəsi ‘köhnələrin’ hakimiyyətə qayıdışını dövlətçilik üçün təhlükə kimi qiymətləndirir. Bütün qüsurlarına baxmayaraq, Paşinyan həmin təhlükəyə qarşı real maneə kimi qəbul edilir və bu da onun seçki şanslarını yüksək saxlayır.”

MCP rəsmisi hesab edir ki, Qarabağın itirilməsi erməni cəmiyyəti üçün milli travmaya çevrilsə də, bu faciə təkcə Paşinyanın deyil, Ermənistanın müstəqillik dövründə yığılan boşluqların nəticəsi kimi dəyərləndirilir. Bu isə müxalifətin 2026-cı il seçkilərində əsas hücum xəttinin Qarabağ mövzusu olacağı anlamına gəlir.
Şərhçi bildirib ki, Ermənistanın Rusiyadan uzaqlaşması Moskvanın narahatlığını daha da artırıb:
“KTMT-də üzvlüyün dondurulması, Qərblə təhlükəsizlik əməkdaşlığının genişlənməsi və Rusiya hərbi bazasının çıxarılmasını gündəmə gətirən mesajlar Kremlin narazılığını pik həddə çatdırıb. Rusiya Paşinyanın yenidən seçilməsinə informasiya savaşı və ‘köhnələrin’ dirçəldilməsi yolu ilə mane olmağa çalışacaq. Lakin Koçaryan–Sarkisyan xəttinin cəmiyyətə təsir imkanı yoxdur. Qərbin də Rusiyanın bölgədə təsir imkanlarını azaltmaq üçün prosesləri gücləndirdiyi şəraitdə Moskvanın seçkinin yekun nəticəsinə ciddi təsir göstərəcəyi inandırıcı görünmür.”
Başqan müavininin sözlərinə görə, Rusiya Ermənistana real iqtisadi təzyiq ssenarisini nəzərdən keçirmir, çünki bu addım ölkəni Moskvadan tam uzaqlaşdıra bilər.
Analitik əlavə edib ki, Paşinyanın seçki şanslarını artıran amillərdən biri də Azərbaycan və Türkiyə ilə münasibətlərin tənzimlənməsi fonunda bölgədə yaranan nisbi siyasi sabitlikdir:
“Kommunikasiyaların açılması, miqrasiya axınının azalması və müharibə riskinin minimuma enməsi ictimai rəyin Paşinyanın xeyrinə dəyişməsinə səbəb olur. Rusiya Zəngəzur dəhlizi ilə bağlı müəyyən razılaşmalar əldə edərsə, seçkilərə kəskin müdaxilə etməyə də ehtiyac görməyəcək. Aparılan təhlillər göstərir ki, Paşinyanın 2026-cı il seçkilərində qələbə qazanma ehtimalı kifayət qədər yüksəkdir.”