Xəbərlər

Tramp niyə Ukraynanın qələbəsini istəmir? – ŞƏRH

ABŞ prezidenti Donald Trampın hazırda Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün irəli sürdüyü “sülh planı” ətrafında gedən müzakirələr fonunda ən çox belə bir sual gündəmə gəlir: Niyə ABŞ Ukraynanın qələbəsində maraqlı deyil?

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov bildirib.

MCP rəsmisinin sözlərinə görə, bunun bir neçə əsas səbəbi var. Politoloq qeyd edir ki, Ukrayna hərbi və siyasi müstəvidə ciddi uğur qazansa, ABŞ-nin Avropa İttifaqına təsir imkanları zəifləyə bilər:

“Ukraynanın elmi-texniki potensialı və insan resursları nəzərə alınsa, onun yeni Avropanın güc mərkəzinə çevrilməsi tamamilə real görünür. ABŞ isə nə Ukraynanın, nə də bütövlükdə Avropanın güclənməsində maraqlı deyil. Vaşinqton Avropanı öz təsir dairəsində saxlamaq üçün zəif Avropanın daim Rusiya təhlükəsini hiss etməsini istəyir. Bu, ABŞ-a həm qlobal güc statusunu, həm də iqtisadi üstünlüyünü qorumağa imkan verir”, – analitik deyib.

Şərhçi əlavə edib ki, Donald Trampın sosial şəbəkələrdə Avropa liderlərini aşağılayan və özünü imperator kimi təqdim edən son paylaşımı da bu qənaəti gücləndirən nümunələrdən biridir.

Başqann müavininin sözlərinə görə, məsələnin digər mühüm tərəfi Rusiya və Çin amilidir:

“Rusiyanın Ukrayna qarşısında məğlubiyyəti Çinin daha da güclənməsini sürətləndirəcək. Çin həm ərazi, həm də Rusiyanın təbii ehtiyatları hesabına gücünü daha da artırmaq imkanı əldə edəcək. Artıq Çin Rusiya daxilinə iqtisadi və demoqrafik nüfuzunu genişləndirib və Moskvanın zəifləməsi Pekinə ciddi üstünlük qazandıracaq. Bu səbəbdən Çin müharibənin davam etməsində maraqlıdır və Rusiyaya müxtəlif formalarda dəstəyini artırır. ABŞ isə qlobal rəqabətdə real rəqibi olan Çinə yeni şanslar vermək niyyətində deyil”, – ekspert qeyd edib.

Siyasi şərhçi həmçinin Donald Trampın Ukrayna rəhbərliyinə qarşı şəxsi münasibətinin də prosesə təsir etdiyini vurğulayıb:

“Artıq sirr deyil ki, Tramp Zelenskiyə Putin qədər antipatiya bəsləyir. Bununla yanaşı, Trampın Rusiya ilə bağlı şübhə doğuran keçmiş əlaqələri də müzakirə mövzudur. Onun təklif etdiyi son sülh modeli isə əvvəlki dövrlərdə Moskvanın irəli sürdüyü şərtlərlə tam şəkildə üst-üstə düşür. Bu fakt belə Trampın Ukraynanın məğlub olmasında maraqlı olduğu iddialarını gücləndirir”, – Vüqar Dadaşov bildirib.

Bir cavab yazın

Back to top button