Trampın “sülh planı”: Ukraynanı uçurumun kənarında

Xəbər verdiyimiz kimi Ukrayna prezidenti Volodimir Zelenski prezident sarayının qarşısında 10 dəqiqəlik çıxışla Ukrayna xalqına müraciət edib. Zelenski çıxışında ölkəsinin “imkansız seçim” qarşısında qaldığını deyib
“ABŞ prezidenti Donald Trampın Ukraynaya “sülh planı” təqdim etməsinin Ukrayna və Avropa tərəfdaşları tərəfindən kapitulyasiya aktı kimi qəbul olunması təbiidir. Çünki plan ərazi güzəştlərini nəzərdə tutur. Rusiya da bu planı qəbul edib”.
Sosdem.az xəbər verir ki, bu sözləri məsələylə bağlı Musavat.com-a açıqlamasında Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.
Politoloqun fikrincə, Ukrayna prezidentinin çıxışından belə məlum olur ki, o, Donald Trampla danışacaq və gələn həftə telefon danışığı gözlənilir:
“Amerika tərəfi də Ukraynanı müharibəni dayandırmağa çalışır və reallıqlar Ukraynanı barışığa sövq edir. Açıq nəzərə alaq ki, burada Rusiyanın istəkləri ön plana çıxır. Əgər Zelenski Avropa tərəfdaşlarına arxayın olsa və onlara ümid etsə, bu sülh planını qəbul etməsə, təbii ki, Amerika Ukraynaya dəstəyi kəsəcək. Əks halda, qəbul edərsə, bu, Zelenskinin artıq siyasi fiaskosudur, müharibənin uğursuzluğa düçar olması deməkdir.
Təbii ki, şərtlər çətindir: Rusiyaya tətbiq edilən sanksiyaların təsiri azdır, ABŞ isə Ukraynaya balistik və öldürücü silahlar vermir. Yəni proses çıxılmaz vəziyyətə gəlib”.

MCP rəsmisi qeyd edib ki, hər iki variant Zelenski üçün çətindir:
“Ya Rusiya ilə vuruşmağı davam etdirməlidir, ya da Ukraynanın ərazi güzəştlərinə imza atmalıdır. ABŞ elə bir siyasət formalaşdırıb ki, bir tərəfdən korrupsiya ittihamları ilə Zelenskini küncə sıxışdırır, təzyiq edir ki, bu sülh planı ilə razılaşsın.
Bütün məsələlər noyabrın 27-dən sonra aydın olacaq. Əgər sülh planı qəbul olunmasa, ABŞ–Ukrayna əlaqələri pisləşəcək. Ən optimal variant ondan ibarətdir ki, atəşkəs elan olunsun və danışıqlar başlansın. Lakin göründüyü kimi, nə ABŞ, nə də Rusiya buna hazır görünür”.