Dövlət büdcəsində fundamental suallar açıq qalır – DEPUTAT

Regionlarda demoqrafik boşalma və işsizlik davam edir...
Sosdem.az xəbər verir ki, Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev Milli Məclisdə 2026-cı il dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edərək sənəddə bir sıra strateji məqamların açıq qaldığını bildirib.
Deputat birinci məsələ olaraq büdcənin gəlirlər hissəsinin dayanıqlığını qeyd edib. O deyib ki, gəlirlərin böyük qismi hələ də neft-qaz sektorundan asılıdır:
“Əsas diqqəti qeyri-neft sektoruna yönəltməliyik. Bu sahədə daha çox danışırıq, təşəbbüs edirik, amma real nəticələr zəifdir. Qeyri-neft sektorundakı artım əsasən neft və qaz layihələrinə bağlı sahələrin genişlənməsindən qaynaqlanır. Bu artımı real inkişaf kimi qiymətləndirmək nə dərəcədə düzgündür?”
İkinci məsələyə toxunan millət vəkili inflyasiya və əhalinin alıcılıq qabiliyyətindən danışıb. O bildirib ki, sosial artımlar nəzərdə tutulsa da, real inflyasiya fonunda bu artımlar efektivliyini itirir:
“Qiymətlər sürətlə artır, orta təbəqə daralır, sosial həssas qruplar daha çox çətinliklə üzləşir. Əməkhaqqı və pensiyaların artımı bazarda hiss olunmur.”
MCP başqanı üçüncü məsələ kimi investisiya xərclərinin strukturundakı problemləri vurğulayıb. Onun sözlərinə görə, böyük həcmli investisiya xərclərinə baxmayaraq, şəffaflıq məsələsi hələ də aktuallığını qoruyur:
“Hansı layihənin iqtisadiyyata hansı töhfəni verəcəyi aydın şəkildə göstərilmir. Prioritetlər bəzən siyasi qərarlarla formalaşır və bu, xərclərin effektivliyini azaldır.”
Deputat dördüncü məsələ olaraq regionların inkişafındakı disbalansı qeyd edib. O deyib ki, büdcə bölgüsü yenə də mərkəz yönümlüdür:
“Regionlarda demoqrafik boşalma və işsizlik davam edir. Ayrılan vəsaitlər real struktur dəyişikliklərinə deyil, daha çox görüntü layihələrinə sərf olunur. Regionlar iqtisadi sərbəstlikdən məhrum olduğu müddətdə istədiyimiz inkişaf mümkün olmayacaq.”
Beşinci məsələ isə dövlət borcu və idarəetmə xərcləridir, deyən Razi Nurullayev bildirib ki, idarəetməyə ayrılan vəsait yüksək olaraq qalır:
“Bu qədər nəzarətə nəzarət qurumuna ehtiyac yoxdur. İqtisadi regionlar üzrə bir icra orqanı və Prezidentin siyasətini koordinasiya edən səlahiyyətli nümayəndə daha çevik idarəetmə modeli ola bilər.”

Millət vəkili çıxışının sonunda tənqidlərinin destruktiv deyil, konstruktiv olduğunu vurğulayaraq büdcənin daha effektiv hazırlanması üçün bir sıra təkliflər irəli sürüb:
- Gəlirlər hissəsi daha realist və diversifikasiya olunmuş şəkildə tərtib edilməlidir;
- Sosial artımlar real inflyasiya fonunda daha adekvat olmalıdır;
- İnvestisiya proqramları tam şəffaf və nəticəyönümlü olmalıdır;
- Regionlara ayrılan vəsaitlər istehsal və məşğulluq yaradan layihələrə yönəldilməlidir;
- Dövlət idarəçiliyinin xərcləri optimallaşdırılmalıdır.
Partiya başqanı hökumət üzvlərini vətəndaşlarla daha sıx təmasda olmağa çağıraraq bildirib ki, problemlər kabinetlərdə deyil, insanların yaşadığı mühitdə daha effektiv həll olunur. O, Baş nazirin bu təklifə müsbət yanaşdığını qeyd edərək təşəkkürünü bildirib. Deputat həmçinin Mərkəzi Bankın və İqtisadiyyat Nazirliyinin təşəbbüslərini də müsbət qiymətləndirib.
Sonda Razi Nurullayev Milli Məclisdə müxtəlif mövzularda təşkil olunan ictimai dinləmələrin əhəmiyyətini vurğulayaraq, bunun parlamentin nümunəvi fəaliyyəti olduğunu əlavə edib.