Bakının TIXAC dərdi: Çıxış yolu nədir? – Ekspert

Ölkədə mövcud olan ən ciddi problemlərdən biri də paytaxt Bakının küçə və prospektlərində nəqliyyatın hərəkətində yaşanan tıxaclar məsələsidir.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının İdarə Heyətinin üzvü, iqtisadçı Pərviz Şıxalıyev deyib.
Ekspertin sözlərinə görə, günün istənilən vaxtında Bakının əsas küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranır.
“Səhər və axşam saatlarında isə vəziyyət daha da ağırlaşır, hərəkət demək olar ki, iflic olur”, – deyə o bildirib.
İqtisadçı qeyd edib ki, bəzi hökumət rəsmiləri problemi dünyanın böyük şəhərlərində də oxşar vəziyyətin mövcud olması ilə izah etməyə çalışsa da, Bakı bu şəhərlərlə müqayisəyə uyğun deyil.
“Əhalisi 2,5 milyon olan Bakını əhalisi 15–35 milyon arasında dəyişən Tokio, Dehli, Şanxay, İstanbul, London, Moskva və Pekin kimi metropollarla müqayisə etmək doğru deyil. Əlbəttə, çoxsaylı əhalisi olan şəhərlərdə tıxac qaçılmazdır. Lakin problemi tam olmasa da, ciddi şəkildə azaltmaq mümkündür”, – Şıxalıyev əlavə edib.
O, tıxacların yaranmasına səbəb olan əsas amilləri belə sıralayıb:
1) Sürətli şəhərləşmə.
MCP rəsmisi bildirib ki, regionlarda iş yerlərinin kifayət qədər olmaması vətəndaşları Bakıya köçməyə məcbur edir.
“Hökumət regionlarda məşğulluğu artırmaq üçün yeni proqramlar hazırlamalı, sahibkarlar üçün istehsal və xidmət sahələri yaratmağa əlverişli mühit formalaşdırmalıdır”, – o vurğulayıb.
2) Şəhərsalmanın düzgün planlaşdırılmaması.
Onun sözlərinə görə, Sovet dövründən qalan 4-5 mərtəbəli binaların sökülüb yerində 16 və daha çox mərtəbəli yaşayış binalarının tikilməsi paytaxtda əhali sıxlığını artırır.
“Sovet dövründə olduğu kimi, şəhərin mərkəzində deyil, ətraf zonalarda yeni mikrorayonlar salınsa, sıxlıq qismən də olsa azalardı”, – iqtisadçı qeyd edib.
3) Nəqliyyat infrastrukturundakı çatışmazlıqlar.
Şıxalıyev vurğulayıb ki, küçələrin dar olması, ictimai nəqliyyatın isə kifayət qədər funksional olmaması vətəndaşları şəxsi avtomobillərə yönəldir.
“İctimai nəqliyyat elə səviyyəyə çatdırılmalıdır ki, insanlar şəxsi avtomobillərdən imtina etməyə tərcih etsinlər. Marşrut xətlərinin genişləndirilməsi, intervalların azaldılması, şəhərin girişlərində metro stansiyalarının tikilməsi, Bakıətrafı qəsəbələrə elektrik qatarlarının sayının artırılması vacibdir”, – o əlavə edib.

İqtisadçı həmçinin dünya təcrübəsinin öyrənilməsinin zəruriliyinə diqqət çəkib:
“Məsələn, əhalisi 15 milyon olan London şəhərində mərkəzə giriş üçün böyük dayanacaqlar yaradılıb. Şəxsi avtomobillə gələn sürücülər maşınlarını həmin dayanacaqlarda saxlayıb ictimai nəqliyyatla mərkəzə keçir”, – iqtisadçı deyib.
Pərviz Şıxalıyev sonda bildirib ki, illərlə yığılıb qalan problemləri tam şəkildə aradan qaldırmaq çətin olsa da, onların əhəmiyyətli hissəsini həll etmək mümkündür.
“Əsas olan bu məsələnin həllinə iradə və siyasi qərarlılıq göstərməkdir”, – Pərviz Şıxalıyev vurğulayıb.