Xəbərlər

8 Noyabr sadəcə bir qələbə tarixi deyil… – Deputat

Sabah Azərbaycanda dövlətçilik tarixinin ən şanlı və qürurverici səhifələrindən biri, 8 Noyabr Zəfər Günü qeyd ediləcək

Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev Sosdem.az-a açıqlamasında Zəfər Gününün Azərbaycan dövlətçiliyinin tarixi inkişafındakı mühüm roluna diqqət çəkib.

Deputatın sözlərinə görə, Zəfər Günü təkcə hərbi qələbə deyil, Azərbaycanın müasir tarixində dövlətçilik baxımından dönüş nöqtəsi kimi qiymətləndirilməlidir:

“Bu gün Azərbaycan yalnız torpaqlarını azad etmədi, eyni zamanda öz dövlət suverenliyini tam şəkildə bərpa etdi. Müzəffər Ordumuzun göstərdiyi igidlik, xalqın nümayiş etdirdiyi birlik və siyasi rəhbərliyin sarsılmaz iradəsi Azərbaycanın regionda yeni, güclü və nüfuzlu mövqeyə sahib olduğunu təsdiqlədi”.

MCP başqanı bildirib ki, bu Zəfər onilliklər boyu davam edən ədalətsizliyə son qoydu, tarix qarşısında ədalətin və haqqın bərpasını təmin etdi:

“Zəfər Günü həm də gələcək nəsillər üçün örnəkdir. Bu zəfər bir daha sübut edir ki, dövlətçilik iradəsi, milli həmrəylik və güclü ordu olduğu təqdirdə, heç bir qüvvə Azərbaycan xalqını haqq yolundan döndərə bilməz. Bu dəyərlər üzərində qurulan müstəqil və güclü dövlət əbədiyaşardır”.

Millət vəkilinin fikrincə, 8 Noyabr artıq sadəcə bir qələbə tarixi deyil – milli qürurun, bütövlük sevgisinin və azadlıq ruhunun simvoluna çevrilib.

“Zəfər Günü hər bir azərbaycanlının qəlbində qürur və iftixar hissi doğurur. Bu gün biz yalnız keçmişin qəhrəmanlarını yad etmirik, həm də gələcəyə inamla baxırıq – güclü, birləşmiş və qalib Azərbaycan kimi”, – Razi Nurullayev əlavə edib.

Bir cavab yazın

Back to top button