Xəbərlər

Putinindən sonra Rusiyada klan mübarizəsi – Rəy

Rusiyanın Ukraynada başladığı müharibə onun sonuna aparan proses kimi artıq özünü təsdiqləyib. Ancaq Qərb, xüsusən də ABŞ Rusiyanın parçalanmasında maraqlı deyil. ABŞ-ın hesabına görə, Rusiyanın dağılmasından digər siyasi nəticələrlə yanaşı, həm də Çin Rusiya ərazilərinin bir qisminə sahiblənə bilər. Bu isə Çinin daha da qüdrətlənməsinə gətirər.

Sosdem.az xəbər verir ki, bunu Hafta.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi ekspert Vüqar Dadaşov deyib.

Politoloqun sözlərinə görə, hələ Rusiya-Ukrayna müharibəsindən əvvəl ekspertlər proqnoz edirdilər ki, Rusiyanın sonu Ukraynada başlamayacaq:

“Rusiya prezidenti Ukrayna müharibəsi ilə hakimiyyətinin idarəçilik mexanizmini dövlət orqanizmi kimi məhv edib. Rusiyada artıq heç bir dövlət institutu müstəqil şəkildə fəaliyyət göstərə bilmir. Putin bütün dövlət idarəetmə sistemini öz üzərində cəmləyib. Bu isə o deməkdir ki, Putin postundan gedəndən, yaxud devrildikdən sonra hakimiyyət uğrunda ciddi qarşıdurmalar mütləqdir. Artıq Rusiya daxilindən də səslənən fikirlərə görə, Rusiya Ukrayna müharibəsi ilə nəinki insani və iqtisadi resursları, həm də psixoloji və informasiya resurslarını tükədib. Yəni artıq təbliğat sistemi də Rusiyanın uğursuzluqlarını, faciəsinin miqyasını gizlədə bilmir”.

Şərhçi vurğulayıb ki, Rusiyanın Ukraynada işğal etdiyi ərazilərdə çəkdiyi “Surovikin xətti”nin Rusiya cəmiyyətinin beyninə yeritdiyi sədd analogiyası dağılıb:

“Putin hakimiyyəti öz ifşasını məntiqi nəticələri ilə kütləyə çıxarır. Psixoloji-informasiya səhnəsi isə artıq ikrah, hiddət yaradır, hakimiyyətə etimadsızlığı dərinləşdirir. Proseslər Rusiyada hakimiyyət dəyişikliyini zərurətə çevirir. Ancaq Putinin bir nəfərin üzərində formalaşan idarəetmə modeli, hakimiyyətin sivil qaydada dəyişməsinə imkan vermir. Demək olar ki, Rusiya ənənəvi tarixi səhvlərini təkrarladı. Birinci Dünya müharibəsində Rusiya qaliblərdən olsa da, daxilində bolşevik çevrilişi nəticəsində faktiki məğlub tərəfə çevrildi. Keçən əsrin 30-cu illərində Sovet Rusiyasının Finlandiyaya hücumundan ərazi qazancı əldə etsə də, mənəvi-psixoloji məğlub oldu. 90-cı illərdə Sovet imperiyası da daxildən parçalandı. İndi isə özünü Sovet İttifaqının varisi elan edən Rusiya, Putin hakimiyyəti ilə ənənəvi tarixini təkrarlayır”.

MCP rəsmisi hesab edir ki, Amerika başda olmaqla Qərb dünyası Rusiyanın dağılmasına imkan vermək niyyətində deyil:

“Çünki Pekin Ukrayna müharibəsi ilə Moskvanı özündən iqtisadi, maliyyə və resurs ixracı baxımından o qədər asılı vəziyyətə salıb ki, Rusiyanın dağılması hesabına Çinin ərazisini genişləndirmək imkanı və ehtimalı çox yüksəkdir. Onsuz da Çin “sülh ekspansiiyası” ilə Rusiya daxilinə nüfuz edib, möhkəmlənib. ABŞ-ın Rusiya ilə Ukrayna arasında sülh, atəşkəs istəyinin səbəblərindən biri də məhz Çin faktorudur”.

Putinin hakimiyyətdən getməsindən sonra kimin və necə hakimiyyətə gəlməsinə gəlincə, başqan müavini vurğulayıb ki, bu proses təbii ki, sivil qaydada baş tutmayacaq:

“Şübhə yoxdur ki, Putinin gedişindən sonra Rusiya daxilində klan mübarizəsi, hətta aralarında hərbi toqquşmalar da mümkündür. Regionların, xüsusən də Şimali Qafqazda ciddi proseslərin, toqquşmaların Rusiyanın siyasi və hakimiyyət sisteminə əhəmiyyətli təsiri ehtimalı var. Putindən sonra hakimiyyətə konkret olaraq kim ən güclüdürsə, onun da gəlmək imkanı çoxdur. Ukrayna müharibəsi Rusiyada ən yaxşı halda açıq inqilabı ortaya çıxarmasa da, əsl inqilab xarakterli nəticələr doğuracaq”.

Bir cavab yazın

Back to top button