“Yaşlı qadın sənədə görə ac qalırsa…” – Deputat köməkçisi

Əgər bir ölkədə yaşlı qadın sənədə görə ac qalırsa, deməli, problem vəsiqədə deyil, məsuliyyətsiz qurumlardadır.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, deputat Razi Nurullayevin köməkçisi Ehtiram Mehtiyev deyib.
MCP rəsmisi televiziya kanallarının birində vətəndaşın problemi ilə bağlı efirə gedən sujetdən sarsıldığını bildirib:
“Yaşlı qadının pensiyası iyun ayından etibarən kəsilib. İndi nə ərzaq ala bilir, nə dərman, nə də hər hansı dövlət qurumuna müraciət edə bilir. Çünki hər yerdə eyni cavabla qarşılaşır: Vəsiqəniz aktiv deyil.
86 yaşlı Nərgiz Kərimova adlı vətəndaşın başına gələnlər, ölkədə bəzi qurumların məsuliyətsiz işlədiyinin göstəricisidir. Kiçik texniki problem, şəxsiyyət vəsiqəsinin deaktiv olması, nəticədə böyük sosial fəlakətə çevrilib.
Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan bildiriblər ki, vəsiqə deaktiv olduğu üçün sistem avtomatik olaraq pensiya ödənişini dayandırıb. İndi bir sual yaranır: 86 yaşlı, tək yaşayan bir qadın bu problemi təkbaşına necə həll etsin? Dövlət qurumları arasında niyə əlaqə yoxdur ki, belə hallarda sosial xidmət işçiləri yerində araşdırma aparsın? Vətəndaşın həyatını bu qədər çətinləşdirən qurum kimə və nəyə xidmət edir?”.

Başqan müavini vurğulayıb ki, dövlət orqanları bəhanə axtarmamalı, insana xidmət etməlidir:
“Ən acınacaqlısı budur ki, bu qadının şəxsiyyəti, ünvanı, sosial statusu, bank hesabı onsuz da dövlət bazasında var. Yəni dövlət onun kim olduğunu çox gözəl bilir. O halda niyə bir kağız parçasına görə bu qədər iztirab çəkməlidir? Dövlət orqanları bəhanə axtarmamalı, insana xidmət etməlidir. Yaşlı, xəstə və tənha vətəndaşın problemi “sənəd qaydasına düşsün” deyə aylarla uzadılmamalıdır. Əks halda, bu qurumun məqsədi sosial ədaləti təmin etmək deyil, insanı çarəsizliyə sürükləmək olur.
İndi təsəvvür edin, tək yaşayan 86 yaşlı bir qadın, Əlində pul yoxdur, dərman almağa, çörək tapmağa çətinlik çəkir. Sadəcə bir vəsiqəyə görə onun pensiyası kəsilib. Amma seçkilər olanda həmin o vəsiqəsiz insanın qapısına qədər gedib, “səs ver” deyə xahiş etməyi çox gözəl bacarırlar.
Əgər bir ölkədə yaşlı qadın sənədə görə ac qalırsa, deməli, problem vəsiqədə deyil məsuliyyətsiz qurumlardadır”.