Xəbərlər

Zəngəzur geri qayıdır? – ŞƏRH

Türkiyə mediasında yayılan məlumatlara görə, Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaya əsasən, Qafan-Naxçıvan xətti üzrə Zəngəzur ərazisinin Azərbaycana qaytarılması mümkündür. Azərbaycan tərəfindən yayımlanan xəritədə Qərbi Azərbaycan və eləcə də Zəngəzur bölgəsinin Azərbaycan toponimləri ilə göstərilməsi məsələnin ciddiliyinə və reallaşacağına inamı artırır.

Bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.

Ekspert bildirib ki, nəinki Zəngəzurun, ümumiyyətlə, sovet dövründə Ermənistana qanunsuz şəkildə verilmiş Azərbaycan torpaqlarının geri qaytarılması 2020-ci il Vətən müharibəsindən sonra daima müzakirə mövzusu olub:

“Bu məsələ təkcə regional deyil, həm də tarixi, hüquqi və geosiyasi əsaslara söykənən bir reallıqdır”, – MCP rəsmisi qeyd edib.

Şərhçinin sözlərinə görə, bir neçə kontekstdə Zəngəzurun Azərbaycana qaytarılması real nəticə kimi görünür.

“Birincisi, Ermənistanın Azərbaycan torpaqlarını 30 il işğal altında saxlaması nəticəsində ölkəmizə müxtəlif hesablamalara görə 300-900 milyard dollar civarında maddi və mənəvi zərər vurulub. Ermənistanın iqtisadi imkanları bu zərərin maliyyə ödənişini mümkünsüz edir. Belə olan halda kompensasiyanın yalnız ərazi hesabına ödənilməsi yeganə variant kimi görünür”, – politoloq vurğulayıb.

Başqan müavininin fikrincə, 1920-ci illərdə bolşevik Rusiyası tərəfindən Azərbaycanın razılığı olmadan Ermənistana verilmiş Zəngəzurun geri qaytarılması beynəlxalq hüquqa zidd deyil, əksinə, ədalətin bərpası deməkdir.

“Sülh sazişi üzrə aparılan danışıqlar zamanı Beynəlxalq Məhkəmə və digər platformalarda qarşılıqlı iddialardan imtina razılaşdırılarsa, bu, Zəngəzurun Azərbaycana qaytarılması ilə bağlı qənaətimizi daha da gücləndirə bilər”, – analitik qeyd edib.

Siyasi şərhçi ikinci amil kimi Vaşinqtonda bu il Donald Trampın təşkilatçılığı ilə İlham Əliyev və Nikol Paşinyan arasında keçirilən görüşdə sülh sazişinin paraflanmasını qeyd edib.

“Sazişin məzmununun analizi göstərir ki, Zəngəzurun Azərbaycana qaytarılması hüquqi baxımdan tam mümkündür. Çünki həmin sənəd klassik sülh sazişi deyil, daha çox ‘çərçivə sülh sazişi’ anlayışına uyğundur. Burada müharibənin başlanma və bitmə tarixləri, sərhədlərin dəqiq təsviri, dövlətlərin ərazi ölçüləri göstərilməyib. Bu isə gələcəkdə sərhədlərin dəyişdirilməsinə hüquqi maneə yaratmır”, – ekspert bildirib.

MCP rəsmisi əlavə edib ki, üçüncü amil Ermənistanın Baş naziri Nikol Paşinyanın irəli sürdüyü “Dördüncü Respublika” və “Real Ermənistan” konsepsiyası ilə bağlıdır:

“Bu anlayış əslində Ermənistanın yeni siyasi və coğrafi formalaşma dövrünü ifadə edir. 1918-ci ildə Azərbaycan, Ermənistan dövlətinin qurulması üçün yalnız 9000 kv. km ərazini güzəştə gedib, 29 min kv. km yox. Paşinyan bu tarixi və hüquqi ziddiyyətlərin fərqindədir. ‘Dördüncü Respublika’ ideyası dolayısı ilə Qərbi Azərbaycan və Zəngəzur məsələsini yenidən gündəmə gətirir”, – şərhçi vurğulayıb.

Analitik hesab edir ki, Zəngəzurun Azərbaycana qaytarılması məsələsi ətrafında yayılan məlumatlar ciddi əsaslara söykənir:

“ABŞ nümayəndə heyətinin Ermənistan səfəri, Zəngəzur dəhlizi ilə bağlı aparılan müzakirələr fonunda Rusiyanın 10 noyabr 2020-ci il Moskva Bəyanatı çərçivəsində sülh sazişinin imzalanmasında israrı, ən azı, Zəngəzurun nəzarətdən çıxmasının və ya Azərbaycana verilməsinin qarşısını almağa yönəlib. Eyni zamanda, Prezident İlham Əliyevin Qazaxıstana səfəri və Orta Dəhlizlə bağlı imzalanan sənədlər də Bakının bu istiqamətdəki qətiyyətini göstərir”, – politoloq qeyd edib.

Başqan müavininin qənaətinə görə, Zəngəzurun Azərbaycana qaytarılması təkcə tarixi və hüquqi ədalətin bərpası deyil, həm də regional geosiyasi balansın təbii nəticəsi kimi reallığa çevriləcək prosesdir:

“Heç şübhəsiz ki, bu proses beynəlxalq reaksiyalar və təzyiqlərlə müşayiət olunacaq. Xüsusən İran, Rusiya, Fransa və bəzi Qərb dövlətləri bu məsələnin qəti əleyhinə çıxacaq. Lakin Azərbaycan da Böyük Britaniya, İsrail, Türkiyə, Pakistan, eləcə də ABŞ, İƏT və TDT kimi beynəlxalq tərəfdaşlara güvənə bilər”, – Vüqar Dadaşov əlavə edib.

Bir cavab yazın

Back to top button