“Qubadlının azadlığı Azərbaycanın yenilməz iradəsinin rəmzidir” – Deputat

Qubadlının azadlığı xalqımızın yaddaşında azadlıq, qürur və qələbə rəmzi kimi əbədi qalacaq.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev deyib.
Millət vəkili bildirib ki, Qubadlının azadlığı Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan mübarizənin dönüş nöqtələrindən biri olub:
“1993-cü il avqustun 31-də düşmən qüvvələri Qubadlını işğal etmişdi. Uzun illər Qubadlı həsrəti xalqımızın qəlbində sönməyən bir ağrı idi. Lakin 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində xalqımızın birliyi, ordumuzun gücü sayəsində bu həsrət sona çatdı. Qubadlı azad edildi – bu tarix xalqımızın qələbə salnaməsində qızıl hərflərlə yazıldı”.
MCP başqanı vurğulayıb ki, Qubadlının azad olunması yalnız bir şəhərin deyil, bütöv Azərbaycanın ruhunun azadlığı demək idi:
“Bu torpaqların hər qarışı şəhid qanı ilə yoğrulub. Hər bir azad edilən torpaq parçasında Azərbaycan əsgərinin igidliyi, xalqımızın birliyi və dövlətimizin gücü əks olunur. Qubadlı bu mənada bizim yenilməzliyimizin simvoludur”.
Deputat qeyd edib ki, bu gün Qubadlıda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın sarsılmaz iradəsini və gələcəyə inamını nümayiş etdirir:
“Qubadlı yenidən dirçəlir. Bu, sadəcə bir şəhərin bərpası deyil, bu, ədalətin, tarixi haqqın bərpasıdır. Qubadlıya qayıdış, bütün azad edilmiş torpaqlarda yeni həyatın başlanğıcı deməkdir.”

Sonda Razi Nurullayev şəhidlərin ruhu qarşısında baş əydiyini bildirib:
“Qubadlı uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsi əbədi yaşayacaq. Biz onların ruhuna borcluyuq və bu borcu ancaq bu torpaqlarda əbədi sülh, inkişaf və birliklə ödəyə bilərik. Qoy Qubadlı şəhəri günü hər bir azərbaycanlı üçün qürur, vətən sevgisi və milli həmrəylik bayramı olsun!”
Qeyd edək ki, oktyabrın 25-i, Qubadlı şəhərinin erməni işğalından azad edilməsinin ildönümüdür.