Xəbərlər

Budapeşt görüşünün perspektivi yoxdur – ŞƏRH

Macarıstanın paytaxtı Budapeştdə növbəti dəfə ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin Ukrayna böhranı ilə bağlı danışıqlar aparacaq. Ankoric görüşündən fərqli olaraq, bu dəfə Putin danışıqlara Ukraynanın beş regionun deyil, yalnız bir regionun, Donbasın Rusiyaya verilməsi təklifi ilə gəlir.

Bu cəlbedici təklifin Tramp tərəfindən müsbət qarşılandığı bildirilir. Məhz bu səbəbdən Ukrayna prezidenti Zelenskinin son Vaşinqton səfərinin nəticəsiz qaldığı qeyd olunur.

Bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının başqan müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə deyib.

Şərhçinin sözlərinə görə, Alyaska görüşündən sonra Putinin digər dörd regiondan imtina etməsi əsasən ABŞ və Avropanın Ukraynaya hərbi dəstəyinin nəticəsidir.

“Rusiya ordusu şərq cəbhəsində taktiki itkilər verir. Eyni zamanda, ölkənin strateji neft emalı zavodlarının hədəfə alınması Kreml üçün ciddi problemlər yaradıb,” – ekspert bildirib.

Politoloq əlavə edib ki, Putin Donbası əldə etməklə ölkə daxilində “qələbə eyforiyası” formalaşdırmaq və bu ab-havadan istifadə edərək növbəti mərhələdə Baltikyanı ölkələrə qarşı təxribatlara zəmin yaratmaq niyyətindədir.

“Xüsusilə Estoniyada yaşayan rus azlıqlarının ‘müdafiəsi’ Moskva üçün həmişə hazır bəhanədir,” – siyasi şərhçi deyib.

MCP rəsmisi bildirib ki, Avropa liderləri və Ukrayna Budapeşt görüşünə skeptik yanaşır. Prezident Zelenski Donbasın Rusiyaya güzəştə gedilməsini qəti şəkildə rədd edir.

“Zelenskinin təklifi yalnız mövcud təmas xəttində atəşkəsin bərpası və danışıqların davam etdirilməsidir. Lakin Rusiya buna razı deyil. Buna görə də Budapeşt görüşünün nəticəsiz başa çatacağı böyük ehtimalla qaçılmazdır,” – başqan müavini vurğulayıb.

Politoloqun sözlərinə görə, əgər Tramp Ukraynanın şərq bölgəsini Putinə güzəştə gedərsə, bu, Vaşinqtonun Avropa müttəfiqləri ilə etimadını ciddi şəkildə zədələyəcək.

“ABŞ-nin Rusiya qarşısında geri addım atması onun qlobal liderlik statusunu zəiflədəcək və Moskvanın yeni güc mərkəzinə çevrilməsinə şərait yaradacaq. Tramp şəxsi biznes maraqlarında güzəştə gedə bilər, amma Ukrayna ABŞ-ın mülkiyyəti deyil ki, onu satmaq mümkün olsun. ABŞ geostrateji maraqlarını itirə bilməz. Əgər Rusiya Donbası əldə etsə, növbəti hədəf Zəngəzur dəhlizi ola bilər,” – siyasi ekspert əlavə edib.

Şərhçinin fikrincə, Trampın “müharibələri mən dayandırmışam” iddiası da reallığı əks etdirmir:

“Azərbaycan-Ermənistan müharibəsi onsuz da başa çatmışdı. Pakistan-Hindistan, Tayland–Kamboca, İsrail-Həmas qarşıdurmaları isə hələ bitməyib. Trampın yeganə uğuru Kongo və Ruanda arasında sülh sazişinin imzalanması olub,” – ekspert deyib.

Politoloq ümumilikdə hesab edir ki, Donald Trampın Ukrayna müharibəsini diplomatik yolla bitirməsi real görünmür.

“Budapeşt görüşü sülh üçün deyil, daha çox Moskvanın mövqeyini legitimləşdirmək cəhdidir,” – Əsədullazadə vurğulayıb.

Bir cavab yazın

Back to top button