Füzulinin azad edilməsi strateji üstünlük yaratdı – Deputat

Bu gün Azərbaycanda Füzuli Şəhəri Günüdür. Azərbaycan ordusunun Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsinin 21-ci günündə, 2020-ci oktyabrın 17-də Füzuli şəhəri və ətraf kəndləri erməni işğalından azad edildi. Prezident İlham Əliyevin 31 iyul 2023-cü ildə imzaladığı Sərəncama əsasən hər il oktyabrın 17-də Füzuli Şəhəri günü qeyd edilir.
Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev Sosdem.az-a bildirib ki, 17 oktyabr tarixi Azərbaycanın müasir hərb və dövlətçilik tarixində xüsusi yerə malikdir.
“2020-ci ilin Vətən müharibəsində əldə olunan parlaq qələbələrin ən önəmlilərindən biri də məhz Füzuli şəhərinin və ətraf kəndlərin işğaldan azad olunmasıdır.
Füzulinin azad edilməsi təkcə hərbi əməliyyatların gedişatında strateji üstünlük yaratmadı, eyni zamanda xalqımızın mənəvi ruhunu, qələbəyə inamını daha da gücləndirdi. Həmin gün Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu tarixə yeni bir zəfər səhifəsi yazdı”.
Deputat vurğulayıb ki, bu gün Füzuli yenidən qurulur, şəhər öz əvvəlki həyatına qayıdır:
“Bu, həm şəhidlərimizin ruhuna ehtiramın, həm də dövlətimizin gücünün göstəricisidir. 17 oktyabr – Füzuli şəhəri günü xalqımız üçün həm qürur, həm də zəfər günüdür. Biz bu günü böyük minnətdarlıq, fərəh və vətənpərvərlik hissi ilə qeyd edirik”.
MCP başqanı sonda şəhidlərə Allahdan rəhmət, qazilərə can sağlığı diləyib, Azərbaycanın ərazi bütövlüyünün daim əbədi və dönməz qalacağını vurğulayıb.
