Xəbərlər

İsrail-Fələstin arasında fundamental problemlər qalır – ŞƏRH

Misir sammiti atəşkəsin əldə olunmasına nail olsa da, İsrail və Fələstin arasında fundamental problemlərin həlli hələ də açıq qalır.

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə deyib.

Ekspertin sözlərinə görə, Misirdə ABŞ prezidenti Donald Trampın birbaşa vasitəçiliyi ilə Qəzzada dayanıqlı atəşkəsin əldə olunması məqsədilə keçirilən sammit bölgədə mühüm siyasi hadisə kimi qiymətləndirilir.

“Sammitə digər ölkələr də dəvət olunsa da, əsas iştirakçılar – Misir, Türkiyə və Qətər liderləri – ‘Qəzza planında yer aldılar. İki il davam edən Həmas-İsrail hərbi toqquşmalarına son qoyan bu razılaşma region üçün mühüm siyasi dönüş nöqtəsidir,” – şərhçi bildirib.

Politoloqun sözlərinə görə, Tramp bu atəşkəs sənədini “sülh və üç minillik münaqişəyə son qoyan addım” kimi dəyərləndirib. Lakin sənəd Qəzzada atəşkəsin təmin olunması və Həmasın idarəetmədən çəkilməsini nəzərdə tutsa da, İsrail-Fələstin münaqişəsini köklü şəkildə həll etmir və sülh sazişinin hüquqi əsaslarını əhatə etmir.

“Sammit, həmçinin, Fələstin dövlətinin Böyük Britaniya başda olmaqla bir sıra Qərb ölkələri tərəfindən tanınması fonunda keçirildi. Azərbaycan isə hələ 1992-ci ildən Fələstini dövlət kimi tanımış və diplomatik əlaqələr qurmuşdur,” – MCP rəsmisi qeyd edib.

M.Əsədullazadə hesab edir ki, keçirilən sammit iki xalq arasında fundamental problemləri həll etmədi.

“Siyasi iradə göstərilsəydi, Tramp tərəfləri yekun sülh müqaviləsinə də yaxınlaşdıra bilərdi. Bu xüsusilə Fələstin dövlətinin İsrail tərəfindən tanınması və ‘iki dövlətli həll planı’nın reallaşdırılması baxımından əhəmiyyətli olardı. Hazırda İsrail və Fələstin arasında sülh müqaviləsi mövcud deyil. İsrailin baş naziri Benyamin Netanyahu Fələstin dövlətini və xalqının siyasi hüquqlarını qəbul etmir, həmçinin Fələstin dövlətinin beynəlxalq səviyyədə tanınmasına qarşı çıxır,” – ekspert vurğulayıb.

Başqan müavini qeyd edib ki, yeni geosiyasi nizamda Fələstin dövlətinin tanınması artıq labüd görünür.

“BMT-nin ‘iki dövlətli həll planı’ iki xalq arasında dayanıqlı sülhün əsas istiqamətidir. Mövcud de-fakto sərhədlər çərçivəsində Fələstin dövlətinin tanınması və İsrailin də bunu qəbul etməsi həm regional sabitlik, həm də hər iki xalqın mənafeyinə xidmət edəcək. İsrail Fələstinin tanınmasından imtina etdikcə, regionda dayanıqlı sülhün əldə edilməsi mümkün olmayacaq,” – şərhçi deyib.

Bir cavab yazın

Back to top button