Xəbərlər

Taliban ABŞ-yə rədd cavabı verdi – ŞƏRH

ABŞ-nin Əfqanıstandan çıxarkən milyardlarla dollar dəyərində silahı ölkədə saxlaması təsadüfi deyildi. Bu silahların məqsədi Talibanın özünü qoruması yox, bölgədə – xüsusilə də Pakistan kimi qonşu müsəlman dövlətləri ilə müharibəyə cəlb edilməsi idi.

Bu barədə Sosdem.az-a Milli Cəbhə Partiyasının sədr müavini, siyasi ekspert Tural İrfan açıqlama verib.

Politoloq bildirib ki, ABŞ-ın Əfqanıstandan çıxması formal xarakter daşıyırdı:

“Vaxtilə ABŞ, Çini nəzarətdə saxlamaq üçün Əfqanıstanda hərbi baza saxlamaq istədi. Lakin Taliban hakimiyyəti bu təklifi qəti şəkildə rədd etdi. ABŞ isə geri çəkilərkən milyardlarla dollar dəyərində silahı ölkədə saxladı. Ola bilsin, Taliban həmin vaxt bunun məqsədini anlamadı. Əslində bu silahlar Talibanın öz müdafiəsi üçün yox, gələcəkdə bölgədə müsəlman ölkələri bir-birinə qarşı toqquşdurmaq üçün orada qoyuldu”.

Şərhçinin sözlərinə görə, İsrailin Qətərə hücumundan sonra Səudiyyə Ərəbistanının Pakistanla təhlükəsizlik sahəsində anlaşma imzalaması da Qərb və İsrail üçün ciddi narahatlıq doğurub:

“Pakistanın Yaxın Şərqdə aktiv rola başlaması, müsəlman nüvə dövləti kimi proseslərə qoşulması Qərbin ideoloji institutlarında, habelə İsraildə ciddi narahatlıq yaradıb. Həmas–İsrail müharibəsi ərəfəsində Qərb dairələri Pakistanın ‘müsəlman damarının’ tutmasından ehtiyatlanaraq bir ara Hindistanı onun üzərinə qaldırmaq istədi. Lakin güc balansını qiymətləndirib planı dəyişdilər”.

Başqan müavini qeyd edib ki, ABŞ və İsrail regionda radikal islamçı qruplardan alət kimi istifadə edir:

“Bu, yeni taktika deyil. Necə ki, vaxtilə İran və İraq müharibəsində hər iki tərəfə silah sataraq milyonlarla müsəlmanın qanı bahasına öz maraqlarını təmin etdilər, indi də eyni ssenari təkrarlanır. Həm İran, həm İraq zəiflədi, Qərb isə həm iqtisadi, həm geosiyasi qazanc əldə etdi”.

Ekspert vurğulayıb ki, bu gün Əfqanıstan hələ də Qərb və İsrail kəşfiyyatının təsir dairəsindədir:

“Müasir texnologiyalardan məhrum, orta əsr idarəetmə üsulları ilə idarə olunan Əfqanıstanda Qərb və İsrailin agentura şəbəkəsi çox genişdir. Talibanı Pakistanın üzərinə təhrik edirlər. Lakin bu, Taliban üçün hakimiyyətin itirilməsi ilə nəticələnə bilər. Hərbi və texniki baxımdan Pakistan qat-qat güclüdür, amma Əfqanıstan partizan müharibəsində böyük təcrübəyə malikdir”.

MCP rəsmisi əlavə edib ki, Pakistanın Səudiyyə Ərəbistanı ilə təhlükəsizlik sazişi İsraili narahat edib və bu, Yaxın Şərqdə yeni gərginlik ocaqları yaradılması ilə nəticələnə bilər:

“ABŞ və İsrail Həmasla müharibəni dayandırmaq müqabilində regionda başqa istiqamətlərdə qarşıdurmaların alovlanmasına göz yumurlar. Misirdə imzalanan sülh razılaşmasının mürəkkəbi qurumamış, Əfqanıstan və Pakistan sərhədində gərginliyin artması təsadüfi deyil”.

Siyasi şərhçinin fikrincə, bölgədəki bu gərginliklər köklü şəkildə Britaniya mandatının mirasıdır:

“Britaniya Hindistandan çıxarkən bölgədə heç zaman sönməyəcək münaqişə ocaqları qoydu. Kəşmir problemi bunun bariz nümunəsidir. Eyni vəziyyət Pakistan və Əfqanıstan sərhədində də müşahidə olunur. Lakin bu, müharibəyə səbəb olası dərəcədə ciddi məsələ deyil”.

Sonda Tural İrfan hər iki ölkənin liderlərinə çağırış edib:

“Ümid edirəm ki, Əfqanıstan rəhbəri Hibətullah Axundzadə və Pakistanın Baş naziri Şahbaz Şərif bu oyunun mahiyyətini anlayacaq və qarşılıqlı hücumları dayandıracaqlar. Hər iki ölkə daxilində sabitlik tam bərqərar olmayıb. Müharibə bu dövlətləri zəiflədəcək, Qərbin hiyləsinə alət olmaqdan başqa bir nəticə verməyəcək”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu