Rusiya Azərbaycanın şərtlərini qəbul etdi – Ekspert

MDB dövlət başçılarının Düşənbədə keçirilən sammiti fonunda prezident İlham Əliyev və Vladimir Putin arasında ikitərəfli görüş keçirildi. Rusiyanın AZAL təyyarəsini vurmasından sonra, ikitərəfli siyasi əlaqələrdə dərin böhran yaranmışdı. Bundan sonra Rusiya məsuliyyəti üzərindən atmaqla, Azərbaycana müxtəlif istiqamətlərdə təzyiq etməyə başladı. Amma, Azərbaycan prezidentinin prinsipial mövqeyi və Rusiyanın təzyiq və şantajlarina asimmetrik cavabları Moskvada gözlənilmirdi. Demək olar ki, Rusiya Ukrayna müharibəsində strateji cəhətdən məğlub olur. Qərblə münasibətlər kəskinləşib. Cənubi Qafqazda geosiyasi mövqeyi tükənib.
Bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının başqan müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə deyib.
Şərhçinin sözlərinə görə, Rusiya prezidenti Azərbaycana qarşı apardığı qeyri-konustruktiv siyasətini düzəltməyə başlayıb.
“Məhz bu görüş Kremlin istəyi ilə baş tutdu. Görüşdən əvvəl Rusiya tərəfi Azərbaycanın şərtlərini qəbul edəcəyini mesajını vermişdi. Ona görə də belə bir ikitərəfli görüş baş tutdu.
Rusiya prezidenti baş verən faciənin məsuliyyətini Ukrayna dronlarinın üzərinə atdı. Amma, reallıqlar Azərbaycana bəllidir. Buna baxmayaraq Putin üzr istədi və kompensasiya ödəyəcəyini, məsul olanları cəzalandırılacağını vurğuladı.
Qeyd edim ki, AZAL təyyarəsi vurulduqdan sonra, təyyarənin vurulmasına əmr edənin hərbi rütbəsi artırılmışdi və yeni vəzifəyə təyin olunmuşdu. Bu, bir növ Azərbaycana qarşı damarş idi. Artıq, Rusiya tərəfi geri çəkildi. Rusiyanın bütün təxribatları öz əleyhinə işlədi.
Hazırda “Top” Rusiya tərəfdədir. Azərbaycanlılar yenidən Rusiyada təqib olunsa, Putin sözünün üstündə durmasa, münasibətlər normallaşmayacaq. Təbii ki, Azərbaycan-Rusiya əlaqələri əvvəlki kimi olmayacaq. Bunu Putin də bilir. Çünki, geosiyasi şərtlər dəyişib. Gedən geosiyasi proseslərə baxmayaraq Rusiya-Azərbaycan əlaqələri öz mövcudluğunu saxlayacaq”, – MCP rəsmisi deyib.
