Xəbərlər

Ermənistanda seçki: Rusiyanın qafqazda “mövcudluğu”

Gələn il Ermənistanda keçiriləcək parlament seçkiləri, Yerevanın avrointeqrasiya taleyinə və Rusiyanın regiondakı, o cümlədən Ermənistandakı mövcudluğuna ciddi təsir göstərə biləcək siyasi proses kimi qiymətləndirilir. Artıq indidən bu proses Rusiya yönümlü qüvvələr və liderlər arasında ciddi fikir ayrılıqlarına səbəb olub. Buna baxmayaraq, Rusiya Ermənistanda bütün imkan və resurslarını səfərbər edərək Paşinyanı hakimiyyətdən kənarlaşdırmağı planlaşdırır. Lakin hazırkı vəziyyət Ermənistanın baş naziri Nikol Paşinyanın xeyrinə işləyir.

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi ekspert Vüqar Dadaşov deyib.

Şərhçinin sözlərinə görə, Rusiyanın Ermənistanda Samvel Karapetyan “gedişi” iflasa uğradıqdan sonra, Sarkisyan və ya Koçaryan “seçimi” məcburiyyəti Rusiya yönümlü liderlər arasında parçalanmaya gətirib çıxarıb:

“Yeni, real siyasi lider ortaya çıxarmaq isə Rusiya üçün hələlik mümkün görünmür. Artıq Robert Koçaryan və Serj Sarkisyan arasında yaranan ziddiyyətlər özünü açıq şəkildə göstərir və bu gərginlik Rusiyanın “kimə stavka edəcəyi” məsələsi ilə daha da dərinləşə bilər. Keçmiş prezident və indiki baş nazirə bir vaxtlar yaxın hesab edilən Levon Ter-Petrosyanın da Paşinyandan imtina etməsi və Rusiya cəbhəsində yer alması, şübhəsiz ki, Ermənistanda keçiriləcək seçkilər və hakimiyyət uğrunda mübarizə ilə bağlıdır.

Müşahidələr göstərir ki, Rusiya siyahısında Robert Koçaryana xüsusi yanaşma mövcuddur. Ancaq bu, Rusiyanın Ermənistanda seçkilərdə yekun namizədini müəyyən etdiyini göstərmir. Bu səbəbdən Koçaryan özünün də daxil olduğu Rusiya cəbhəsində rəqib hesab etdiyi fiqurları zəiflətməyə və kənarlaşdırmağa başlayıb. Artıq Serj Sarkisyan və Robert Koçaryan vahid güc kimi çıxış etmir. Şübhəsiz ki, Rusiyanın və eləcə də Paşinyana müxalif qüvvələrin Sarkisyana olan mənfi münasibətinin əsas səbəbi onun 2018-ci ildə Paşinyan qarşısında geri çəkilməsi ilə bağlıdır.

Rusiyanın Ermənistanla bağlı planlarında qətiyyətinin əsas səbəbi Cənubi Qafqazda mövcudluq məsələsidir. Bu, Rusiya dövlətçiliyinin imperialist əsaslarına həm psixoloji, həm də strateji baxımdan ciddi zərbə hesab olunur. Ermənistanda Rusiya meyilli bir liderin hakimiyyətə gətirilməsi ABŞ-ın Zəngəzur dəhlizi layihəsindən kənarlaşdırılmasına şərait yarada bilər. Təsadüfi deyil ki, Robert Koçaryan bu günlərdə xarici mediaya açıqlamasında Zəngəzur dəhlizinin Ermənistan üçün heç bir əhəmiyyət daşımadığını bildirib. Təbii ki, ABŞ başda olmaqla, kollektiv Qərb Paşinyan hakimiyyətini qorumağa çalışacaq”.

MCP rəsmisi bildirib ki, Rusiya üçün Cənubi Qafqazda “mövcudluq müharibəsi” hələlik silahsız – Ermənistan parlament seçkiləri üzərində aparılır:

“Lakin prosesin gedişinə baxdıqda, silahlı müdaxilə ehtimalı da tam istisna edilmir. Gürcüstandakı etiraz aksiyaları və Moldovada Maya Sandunun təkrar qələbəsi Rusiyanı daha kəskin addımlar atmağa sövq edə bilər. Rusiya Azərbaycana qarşı düşmənçilik siyasətini dayandırmasa da, münasibətlərin normallaşdırılması istiqamətində maraqlı görünür. Rusiya prezidentinin sözçüsü Dmitri Peskovun açıqlamasına görə, Tacikistanda keçiriləcək sammitdə Rusiya və Azərbaycan prezidentlərinin görüşü planlaşdırılır. Azərbaycanla münasibətlərin normallaşdırılması Rusiya üçün təkcə həyati əhəmiyyət daşımır, həm də Ermənistandakı seçki nəticələrinə dolayı təsir göstərə bilər.

Paşinyanın yenidən qələbə qazanması ehtimalı isə kifayət qədər yüksəkdir. Baş nazirin irəli sürdüyü “Dördüncü Respublika” və “münaqişəsiz Ermənistan” ideyaları erməni cəmiyyətinin əksəriyyətinin istəyinə uyğun gəlir. Eyni zamanda Paşinyan Ermənistan katolikosu Qareginlə mübarizəsini davam etdirir. Lakin vəziyyət o həddə çatıb ki, Paşinyan paralel kilsə hakimiyyəti formalaşdırmaq istiqamətində ciddi addımlar atır. Bu halda kilsənin də növbəti seçkilərdə Paşinyana açıq şəkildə qarşı çıxmaqdan çəkinəcəyi gözlənilir. Əgər Paşinyan Rusiyanın mümkün müdaxiləsini neytrallaşdıra bilsə, növbəti parlament seçkilərində qələbəsini təmin etmə ehtimalı yüksək olacaq.

Şübhəsiz ki, Rusiya Koçaryan vasitəsilə Ermənistanda hakimiyyəti ələ keçirmək şansının çox az olduğunu anlayır. Buna görə də Moskva yeni namizəd axtarışını son ana qədər davam etdirəcək”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu