“Rusiya yenə İranı meydanda tək qoyacaq” – ŞƏRH

“Rusiya və İran arasında strateji tərəfdaşlıq sazişi Tehranı qoruya bilməyəcək”.
Sosdem.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının başqan müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə deyib.
Şərhçi qeyd edib ki, Rusiya və İran müttəfiq kimi görünsələr də, gərəkdiyində Moskva İranı müdafiə etməyib:
“Rusiya ilə İran arasında Strateji Tərəfdaşlıq Müqaviləsinin 2 oktyabr 2025-ci il tarixindən etibarən qüvvəyə mindiyi elan edilib. Müqavilə çərçivəsində iki ölkənin ümumi çağırış və təhdidlərlə mübarizə aparacağını vurğulanır. Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, müqavilə çoxqütblü dünya nizamı çərçivəsində beynəlxalq arenada əməkdaşlığın gücləndirilməsini, regionda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi üçün birgə səyləri, ümumi çağırış və təhdidlərə qarşı mübarizəni nəzərdə tutur.
Kreml çox qütblü dünyadan bəhs edir və regionda İranla birgə əməkdaşlıq edəcəyini vurğulayır. Amma Moskva heç bir zaman ehtiyyacı olduqda Tehranın yanında olmayıb”.

MCP rəsmisi vurğulayıb ki, Suriyada tərəflər birgə əməkdaşlıq edəndə, Moskva İran güclərinin İsrail təyyarələri tərəfindən vurulmasına şərait yaradırdı:
“Son 12 günlük müharibədə Rusiya öz “müttəfiqinə” yardım etmədi. İrana ətrafında yeniden təhlükəsizlik çağırışları formalaşır. Tehran öz nüvə ambisiyalarından geri çəkilməyəcəyini bəyan edir. Belə olan təqdirdə İrana qarşı növbəti hərbi əməliyyatlar mümkündür.
Əgər İrana qarşı hərbi əməliyyatlar baş versə, Rusiya imzalanmış tərəfdaşlıq sazişinə baxmayaraq İrana hərbi yardım etməyəcək. Həlledici məqamlarda Rusiya və İran arasında imzalar kağız üzərində qalır. Zatən Rusiya ilə imzalanmış sənədlər “su üzərinə yazılmış yazı kimidir”. İran Rusiyaya arxayın olub, yenidən ABŞ meydan oxuyur. Hazırda Rusiya özü Çinin ona hamı durmasını istəyir. Rusiya XİN sadəcə bu sənədi elan etməklə, yeni bir koalisiya qurduqlarını göstərməyə çalışır”.