Xəbərlər

Ankara-İrəvan əlaqələri Rusiya üçün arzuedilməzdir – ŞƏRH

Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasında Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasından danışıb.

Sosdem.az xəbər verir ki, mövzu ilə bağlı Milli Cəbhə Partiyasının başqan müavini, politoloq Tural İrfan “İnformator.az”a bildirib ki, Ermənistan və Türkiyə arasında qarşılıqlı etimadın artması bölgədə sabitlik və inkişaf üfüqlərini genişləndirir:

“Ermənistanın Türkiyə və Azərbaycana qarşı bəzi iddiaları var idi və sülh prosesində baş tutan anlaşmalara görə İrəvan bu iddialardan vaz keçir. Konstitusiyaya aid olan hissəni də referendum keçirib dəyişməsi gözlənilir. Hər halda bununla bağlı razılığa gəlinib. Türkiyə əsasən Azərbaycana və keçmiş Qarabağ münaqişəsinə görə Ermənistan ilə münasibətlərini kəsdi. Hazırda isə durum fərqlidir və Azərbaycan özü Ermənistan ilə sülhə gedir. Belə olduğu halda Türkiyənin də Ermənistan ilə əlaqələr qurmasında bir maneə qalmır.

Təbii ki, Azərbaycan və Türkiyənin Ermənistan siyasəti ümumi uzlaşma, anlaşma şəraitində aparılır və hər iki tərəfin maraqları nəzərdə saxlanılır. Ermənistan və Türkiyə arasına etimadın artması öncə Türkiyənin bölgədə təsir dairəsi və nüfuzunun artmasından xəbər verir. Paşinyanın Türkiyə barədə pozitiv açıqlamasını Ermənistan-Azərbaycan münasibətləri fonunda müsbət dəyərləndirmək olar. Hər halda BMT-nin kürsüsündən bunu etiraf etmək bölgədə sülhün sağlam olması üçün səylərin təsirli olduğunu göstərir”.

Şərhçi qeyd edib ki, Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşması Qərb və Rusiya üçün arzuedilməzdir:

“Əsasən Rusiya üçün. Çünki Ermənistan dövləti ümumiyyətlə bölgədə Türkiyə və Azərbaycana problem yaratmaq proqramı üzrə yaradılıb. Hazırda isə sanki Nikol Paşinyan və komandası dövlətin bu təhlükəli təyinatını dəyişirlər. Hətta daima kin və nifrət ideyaları ilə tanınan kilsə nümayəndələri həbs olunur, real sülhə doğru atılan addımlarda yaranacaq maneələr dəf edilir. Bu, Rusiyanı ciddi şəkildə narahat edir. Ancaq Ermənistanın balanslı siyasət yürütməyə çalışması Qərblə Rusiya arasında nisbi tarazlığı qoruyur. Həmçinin Türkiyə və Azərbaycan, Ermənistan ilə baş tutan anlaşmaların reallaşması üçün ümumi işə, məqsədə xələl gətirə biləcək təsirləri dəf etmək iqtidarındadırlar. Sülh prosesinə kənar mənfi müdaxilə birbaşa Azərbaycan və Türkiyənin əleyhinə qiymətləndiriləcək.

Hər bir halda Rusiya Ermənistanda təxribatlar yaratmaq, separatçılıq cəhdlərini alovlandırmaq missiyasını tərk etməyəcək. Ancaq Ermənistan da bu təhlükəni dərk edir və ona görə də toqquşan maraqlar zəminində Qərblə münasibətlərini sağlamlaşdırmağa çalışır. Qərbin və Rusiyanın Ermənistanda fərqli və bəzən də toqquşan maraqları var. Hazırda Nikol Paşinyanın hakimiyyətinə davam etməsində əsasən Qərb maraqlıdır. Rusiya isə müxalifəti dəstəkləyir. Bir neçə uğursuz cəhddən sonra hakimiyyəti dəyişməyin mümkün olmadığını görən Rusiya Baş nazirlə danışıqlar vasitəsilə öz tələblərini diqtə etdi. Hər halda Paşinyan da bu və digər mövzularda Qərblə münasibətlərindən doğan reallığa uyğun addım atır. Həmçinin Azərbaycan və Türkiyə ilə sıxlaşan münasibətlərin işığında Ermənistan Rusiyanı yox, daha çox Türkiyəni dinləməyə məcbur olacaq”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu