“Xidmət haqqı, qiymətlər, cərimələr günü-gündən artır…” – Deputat

Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev İmişlidə səfərdə olub.
Sosdem.az xəbər verir ki, millət vəkili rayon mərkəzində və kəndlərdə seçicilərlə görüşüb, ailələri, xəstələri ziyarət edib və ənənəvi olaraq yas məclislərində olub.
Deputat insanların qayğılarının çoxluğundan narahatlığını bildirib.
“Dövlət orqanları vətəndaşlara kömək etməlidir, bu onların borcudur, belə görünür ki, bu xidmət yaxşı səviyyədə deyil. Bir də görürəm ki, xidmətlərin haqqı, qiymətlər, hətta cərimələr də günü-gündən artır, nəzarət çoxalır və sanki vətəndaşlardan daha çox pul qopartmaq üçün yeni-yeni əlavələr düşünülür”, – millət vəkili deyib.
MCP başqanı qeyd edib ki, problemlərin əsas səbəblərindən biri də dövlət orqanlarının vəzifəli şəxslərinin xalqdan uzaq düşməsidir.
“Rahat kreslolarda da insanları qəbul etməklə onların çətinliyini başa düşmək olmaz. Bir çoxları ümumiyyətlə rahat həyatdan, cah-cəlallı yaşayışdan kresloya yiyələniblər deyə heç xəbərləri də yoxdur ki, bu dövlət necə qurulub, hansı fəlakətlərdən, çaxnaşmalardan keçib”, – deputat bildirib.


