Xəbərlər

İşçilərin sağlamlığı və hüquqları qorunmalıdır – DEPUTAT

Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, temperaturun azı 41 dərəcə selsidən yuxarı olduğu isti və açıq havalı iş şəraitində işçilərə müəyyən edilən qaydada əlavə fasilələr verilməli və zərurət yarandıqda işin dayandırılması təmin olunmalıdır.

Əmək Məcəlləsinin 215-ci maddəsinə əsasən, işəgötürən işçilərin sağlamlığını və təhlükəsizliyini təmin etmək üçün zəruri şərait yaratmağa borcludur.

Havanın temperaturu insan sağlamlığı üçün təhlükəli həddə  məsələn, 40°C-dən yuxarı  çatdıqda, açıq havada uzunmüddətli iş rejimi qadağan edilə və ya məhdudlaşdırıla bilər.

Bu tələbləri pozan şəxslər  İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələnməlidir. Qanun bununla bağlı aşağıdakı cərimələri nəzərdə tutub:

Fiziki şəxslər üçün – 500 manatdan 1000 manatadək;

Vəzifəli şəxslər üçün – 1500 manatdan 2000 manatadək;

Hüquqi şəxslər üçün – 15000 manatdan 20000 manatadək.

Əgər əmək fəaliyyəti zamanı işçinin sağlamlığına ciddi zərər dəyibsə və ya ölüm faktı baş veribsə, bu hal Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162-ci maddəsinə əsasən cinayət məsuliyyəti ilə nəticələnə bilər.

Sosdem.az xəbər verir ki, Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev Anews.az-a bildirib ki, ekstremal temperatur şəraitində iş rejimləri mütləq şəkildə yenidən tənzimlənməli, işçilərin sağlamlığı və hüquqları qorunmalıdır.

“Günün ən isti saatlarında , xüsusilə saat 12:00-dan 16:00-a qədər  açıq havada işlər dayandırılmalı, işçilər üçün kölgəli və sərin yerlərdə istirahət şəraiti təmin olunmalıdır. Bu kimi tövsiyələr müvafiq dövlət qurumları tərəfindən verilsə də, onların icrasına nə dərəcədə əməl olunduğu barədə məlumatım yoxdur. Təəssüf ki, güman edirəm ki, bu məsələdə ciddi nəzarət və icra mexanizmləri yoxdur,” – deputat bildirib.

MCP başqanı vurğulayıb ki, hər bir işəgötürən öz əməkdaşlarını içməli su və sərinlədici vasitələrlə təmin etməlidir. 

“İşçilər günvurma riskinə qarşı davamlı maarifləndirilməli, onlara ilkin tibbi yardımın prinsipləri və preventiv tədbirlər barədə mütəmadi məlumat verilməlidir. Bu sahədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi və digər uyğun qurumların birgə və koordinasiyalı fəaliyyətini zəruri hesab edirəm,” – deputat əlavə edib.

2025-ci ilin iyulunda  Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakıda günvurma ilə bağlı 53 nəfər (18-i qadın, 35-i kişi cinsli olmaqla) müraciət edib. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu