Rusiya və İran “dindar”lardan kəşfiyyatçı kimi istifadə edir – ŞƏRH

- Moskva din xadimi cildində təxribatçılar yetişdirib.
- Qadınları qabağa verən təxribatçıların qarşısı qətiyyətlə alınmalıdır.
Son illərdə bəzi ölkələrdə, o cümlədən Ermənistanda müşahidə olunan hallar göstərir ki, din adı altında fəaliyyət göstərən qurumlar bəzən siyasi məqsədlər güdə bilər. Belə vəziyyət isə həm daxili sabitliyə zərbə vurur, həm də region ölkələri arasında münasibətlərin normallaşmasına mane olur.
Ermənistan mediası məlumat yayıb ki, İrəvan məhkəməsi arxiyepiskopu Mikael Acapaxyanın həbsdən azad edilməsi ilə bağlı müdafiə tərəfinin iddiasını rədd edib. Məlumata görə Acapaxyan günahını etiraf etməyib və onun həbs müddəti 10 gün uzadılıb.
Qeyd edək ki, Acapaxyan iyun ayının sonunda hakimiyyətin devrilməsinə açıq çağırışlar etməkdə ittiham olunaraq həbs edilib.
Sosdem.az xəbər verir ki, Milli Cəbhə Partiyasının başqan müavini, dinşünas, siyasi şərhçi Tural İrfan mövzu ilə bağlı bildirib ki, Rusiya keşişlər və kilsə vasitəsilə Ermənistanda hakimiyyəti dəyişmək istəyirdi ki, özünün əlaltısı olan şəxsləri hakimiyyətə gətirsin.
“Əgər elə olsaydı Azərbaycan və Ermənistan arasında sülh müqaviləsindən söhbət gedə bilməzdi. Rusiyanın maraqları və diktəsi ilə Ermənistan hərəkət edəcəkdi. Rusiya uzun illərdir Apostol kilsəsindən kəşfiyyat qurumu kimi istifadə edir. Hətta Moskva din xadimi cildində təxribatçılar da yetişdirib. Arxiyepiskop Acapaxyan isə millətlər və dövlətlərarası düşmənçilik toxumu səpir, kin və nifrət aşılayır. O, Ermənistan hakimiyyətini Türkiyə və Azərbaycana güzəştə getməkdə günahlandırır və zor gücünə çevrilişə səsləyirdi. Şübhəsiz ki, onun təxribatları baş tutsaydı nəinki Ermənistan, bütün bölgə terror altında qala bilərdi. Böyük ehtimalla o törətdiyi əməllərə görə mühakimə olunaraq cəzalanacaq”, – ekspert deyib.
İlahiyyatçı Ermənistanda kilsənin siyasiləşdiyini və demək olar ki, ikinci paralel hakimiyyətə çevrildiyini söyləyib:
“İrandakı kimi sanki ikili hakimiyyət hökm sürür. Əgər din pərdəsi altında gizlənib təxribatlar törədən erməni keşişləri məsuliyyətə cəlb edilməsə, bu Baş nazir Paşinyanın bölgə üçün nəzərdə tutulan sülh prosesinə töhfə verməsinə mənfi təsir göstərə bilər. Bunu dərk edən hakimiyyət kilsəni siyasətə qarışmaqdan məhrum etmək və keşişlərin hakimiyyətə problemlər yaratmasının qarşını almaqda israrlı görünür. Paşinyanın öhdəlikləri icra etməsinə mane olan kilsə mənsubları ya həbs ediləcək ya da başqa yollarla dəf ediləcəklər”, – şərhçi bildirib.

İlahiyyatçı Bakıda din adı altında təxribat törətməkm istəyənlərin həbsinə də münasibət bidirərək deyib ki, dini çirkin əməllərə alət etmək əsla yolverilməzdir.
“Beş-on çarşablı qadın görürəm paylaşımlarda. Özlərini müqavimətçi adlandırırlar. Kimə müqavimət göstərirlər? Allaha? İslama, sülhə və sabitliyə? Dövlətə qarşı müqavimət göstərməyə çalışırlar? Müsəlman birliyi hərəkatı” nə demək? Məgər xalqımız bütpərəstdir yaxud dinsizdir ki, müsəlman birliyi yaradırlar? Müsəlman birliyini gedib Çində uyğurları qorumaq üçün niyə yaratmırlar, Hindistanda Kəşmir əhalisini müdafiə etmək üçün niyə yaratmırlar əgər özləri müsəlmandırsa? Belə təşkilatlar gələcəkdə terror qruplaşması kimi fəaliyyət göstərmək üçün qurulur”, – dinşünas əlavə edib.
Politoloq bildirib ki, qadınları qabağa verən təxribatçıların qarşısı qətiyyətlə alınmalıdır.
“Azərbaycan qədər dinə, İslama dəyər verən, tolerantlıq ənənələrinə sadiq ikinci müsəlman ölkəsi yoxdur. Azərbaycan qədər dini-mənəvi dəyərləri yaşadan, ibadət və ayinlər üçün münbit şərait yaradılan ikinci ölkə yoxdur. Bəs nə istəyirlər? Təxribat, nifaq, kin, ixtilaf.
Azərbaycanın beynəlxalq aləmdəki silsilə qələbələrini, nailiyyətlərini qəbullana bilməyən xain və xoflu mürtəd molla qrupları beynini zəhərlədikləri bir qrup şəxsi yoldan çıxarıb təəssüf ki. İnanırıq ki, bu yolda müvafiq tədbirlər görüləcəkdir və təxribatların qarşısı zamanında alınacaqdır”, – başqan müavini deyib.