Xəbərlər

Dövlətin tolerantlığından sui-istifadə… – Dinşünas

Azərbaycanda inanclı insanlar üçün yaradılmış münbit şərait, imkanlar heç bir müsəlman ölkəsində yoxdur. Bu dəyərə, bu nemətə qarşı çıxmaq, onu danmaq yox, dəyər vermək lazımdır. Naşükürlük dinimizdə ən qəbahət işlərdən sayılır.

İsra surəsi, 67-ci ayədə buyurulur: “Həqəqətən insan nankordur”. Nankorluq, naşükürlük nemətin əldən çıxmasına səbəb olur.

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, dinşünas Tural İrfan deyib.

İlahiyyatçı deyib ki, dövlət qurumları inanclı vətəndaşların dini ayinlərini, ibadətlərini normal keçirməsi üçün hər cür şəraiti yaradır:

“Dövlət başçısı məscidlər tikdirir, digər ibadət yerləri və ziyarətgahları təmir etdirir, dini qurumların çətinlik çəkməməsi  üçün vəsait ayırır. Hətta bəzən dindarların etməli olduğu, lakin etmədiyi vəhdət, tolerantlıq, inanclar arası harmoniya kimi dəyərlərin qorunması üçün, sağlam ab-havada fəaliyyət göstərmələri naminə tədbirlər görür, qanun qəbul edir, uyğun addımlar atır. Din xadimlərinə yardım olunur, sərbəst fəaliyyətləri üçün lazımi imkanlar yaradılır. 

Bunun müqabilində gərək din xadimləri də, inanclı insanlarımız da radikalizmdən, xurafatçılıqdan, dini-məzhəbi ayrıseçkilikdən, xarici təsirlərdən uzaq olsunlar. Müstəqil ölkəmizin aidiyyəti sahələr üzrə idarələri, qurumları var. Bu qurumları qoyub xaricdən öz maraqları üçün ara qatanların hiyləsinə uymaq olmaz”.

Ekspert, “hətta saxta dindarların sosial şəbəkələrdə çoxsaylı təhqir və söyüşlərini, dini qrupların başçılarının, üzvlərinin mediada azad şəkildə zərərli çıxışlarını, cəmiyyətə vurduqları ziyanı görəndə düşünürəm ki, bu azadlığın özbaşınalığa çevrilməməsi üçün bəlkə bir qədər məhdudlaşdırmaq lazımdır”, deyə vurğulayıb.

“Çünki buna, onların özü vadar edir. Nemətə şükür etməyəndə mütləq o əldən çıxır. Yaradılmış imkanlardan vətən, xalq, mənəvi dəyərlər, vəhdət, humanizm naminə istifadə edilmirsə, əksinə bunu fürsət bilib məzhəbləri qarşı-qarşıya qoyan, xurafat və radikalizm yayan, dünyəvi quruluşa ikrahla baxan, xarici təsirlərə uyan mövhumatçı təbliğat aparılırsa bu həm dinə, həm də dövlətə ziyan vuran amil kimi qiymətləndirilib müvafiq qanun qəbul edilə bilər.

Cümə namazları, kütləvi ibadətlər, bayram namazları, Aşura mərasimi kimi toplanışlarda heç kəsə çətinlik yaratmamaq lazımdır. Həzrət Muhəmməd Peyğəmbər salavatullah buyurur ki, əsl mömin heç kəsin onun əlindən və dilindən əziyyət çəkmədiyi insandır.

Necə ki, müvafiq qanunla elan edilir, filan günlər iş günü deyil, yaxud iş günüdür, hamı buna əməl edir. Heç kəs tətil elan edilmiş günlərdə gedib öz iş yerinin qapısında oturub gözləmir. Dini bayram, ayin və matəm günləri ilə əlaqədar da müvafiq idarə var, onun şurasının fətvası var. Buna da bütün inanclı insanların tabe olması, əməl etməsi zəruridir.

Bu ölkədə yaşayan gərək bu dövlətin qanunlarına tabe olsun. Bu, həm dini həm də dünyəvi mükəlləfiyyətimizdir”, – dünşünas bildirib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu