Rusiya Zəngəzur dəhlizindən kənarlaşdırıldı? – ŞƏRH

Rusiya Ermənistan münasibətlərinin daha da gərginləşməsini bir neçə aspektdən dəyərləndirmək olar. Əvvəla, Paşinyan iqtidarının Rusiyanın Ermənistandan çıxarılmasına hesablanan avrointeqrasiya siyasəti Moskva-Yerevan münasibətlərini daimi dartılı vəziyyətdə saxlayır. Rusiyanın Ermənistanın anti Kreml siyasətini dəyişmək üçün nə siyasi-iqtisadi təzyiqləri və nə də Paşinyanın hakimiyyətdən uzaqlaşdırmaq cəhdləri nəticə verməyib. Koçaryan, Sarkisyan kimi Rusiya yönümlü şəxslərin isə Ermənistanda heç bir nəticəyə nail olmamasından sonra, rəsmi Moskva erməni kilsəsi vasitəsiylə siyasi dəyişiliklər prosesinə start versə də, keşiş Baqratın kampaniyası iflasa uğradı.
Bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının başqan müavini, siyasi analitik Vüqar Dadaşov deyib.
Şərhçi bildirib ki, Ermənistan dövlətçiliyində və cəmiyyətində böyük nüfuzu olan erməni kilsəsi bütün dövrlərdə Rusiyanın əsas dayağı və siyasətinin icraçısı olub:
“Hal-hazırda da Erməni Apostol Kilsəsinin katolikosu II Qaregin Rusiya xüsusi xidmət orqanlarının əməkdaşı kimi, Rusiya maraqlarına xidmət edir. Əslində Paşinyan və Qaregin arasında yaranan gərginliyin səbəbi, kilsənin iqtidara yarada biləcəyi təhlükədir. Artıq, Paşinyanın II Qaragenin andını pozması haqqında inamlı və əsaslı açıqlaması erməni cəmiyyətində, kilsədə, eləcə də diasporada parçalanmaya səbəb olub. II Qareginin katalikos postunda qalacağı artıq çox çətin olacaq. Heç şübhəsiz ki, Paşinyan II Qareginin üzərində qələbə qazanacaq. Paşinyan katolikosu devirərsə, Rusiyan Ermənistanda vəziyyətə təsir edə biləcək son dayağını itirəcək. Bu da Kremlin Ermənistanı tamamilə itirməsinə bərabərdir”.

Ekspertə görə Moskva-Yerevan arasında, eləcə də Ermənistanda daxili gərginliyin dərinləşməsi həm də Paşinyanın Türkiyəyə səfəri və danışıqların mövzusunun gizli saxlanılması ilə bağlıdır:
“Həmçinin, Ermənistan-Rusiya arasında gərginliyin əsas səbəblərindən biri də Zəngəzur dəhlizinin açılması ehtimalının yüksəlməsi və dəhlizə nəzarətin Moskvaya deyil, Qərb şirkətlərindən birinə verilməsi ilə əlaqəlidir. Hansı ki, 10 noyabr üçtərəfli Moskva bəyannaməsi ilə Rusiya dəhlizə nəzarət etməli idi. Görünür ki, Rusiyanın Ermənistandan və xüsusən də Zəngəzur dəhlizindən kənarlaşdırılmasında Türkiyənin də böyük təsiri var. Rusiyada hüquq-mühafizə orqanlarının etnik azərbaycanlılara qarşı ölümlərlə nəticələn kütləvi hücum və əməliyyatların da Paşinyanın Türkiyə səfərindən sonra baş verməsi təsadüfi deyil”.