Rusiya geri çəkiləcək, buna məcburdur… – ŞƏRH

Rusiyanın Azərbaycana qarşı üç əsrdir davam edən düşmənçilik siyasəti artıq şüuraltı düşüncə tərzinə çevrilib. Azərbaycan faktiki erməni-rus tandemi üzərində möhtəşəm qələbə qazanıb, öz ərazi bütövlüyünü, suverenliyini tam bərpa edib, “rus sülhməramlıları”ını Azərbaycandan çıxardıb. Və beləliklə Rusiya Azərbaycana real təziq imkanlarından məhrum olub. Kremlin bütün təxribatları, əməliyyatları, planları Bakı tərəfindən əhəmiyyətsiz hala gətirildikdən sonra, Rusiya əlində qalan miqrant kartı ilə Azərbaycana təzyiq edəcəyinə ümüd edirdi.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.
Ekspert vurğulayıb ki, ancaq, Putinin əmri ilə gücləndirilən Rusiyanın Azərbaycana qarşı təzyiq cəhdi əks reaksiya ilə Moskvanı çıxılmaz vəziyyətə saldı:
“Azərbaycanın Rusiyaya adekvat və daha təsirli cavab tətbirləri, Kremlin Azərbaycan qarşısında acizliyini, çarəsizliyini ortaya çıxartdı. Həm də Azərbaycan nümunəsi digər keçmiş sovet respublikalarının da Rusiyanın əməllərinə oxşar cavab verəcəyinə zəmin yaratdı. Bu da Rusiyanın, Putin hakimiyyətinin postsovet ərazisində nüfuzunun, təsirinin düşməsini daha da sürətləndirəcək.
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və Lükoyl əməkdaşlarının azad edilməsi əslində, Azərbaycanın Rusiyaya daha da sərt cavab verməsinin nəticəsidir. Putin komandasıın Azərbaycanın hər bir təhdidə, təzyiqə daha da kəskin cavabının mümkünlüyünü anladıqdan sonra, kütləvi həbs edilmiş etnik azərbaycanlıların bir qismini azad etməsi, Moskvanın Azərbaycanla mübahisədən siyasi-diplomatik və iqtisadi baxımdan məğlub çıxacağı qənaəti və münasibətləri normallaşdırma istəyinə bağlıdır.
Qaldı ki, Şahin Şıxlinskin və Lükoyl əməkdaşlarının azad edilməsində Vladimir Putinin tələbə yoldaşı və dostu, professor İlham Rəhimovun, həmçinin Lükoylin yaradıcısı, milyarder Vahid Ələkbırovun adlarının hallandırılılması Rusiyanın imicinin qorunmasına xidmət edir. Əslində isə, Rusiya Azərbaycan dövlətinin qətiyyəti və siyasi iradəsi qarşısında hesablaşmaq məcburiyyətinə düşdü. Çünki, Rusiya ancaq “güc dilindən” anlayır”.

Rusiyanın Azərbaycana iqtisadi təsir imkanlarına gəlincə ekspert qeyd edib ki, əslində Rusiyanın Azərbaycana yox, Azərbaycanın Rusiyaya iqtisadi təsir imkanları daha çox və təsirlidir:
“Rəsmi dövlət məlumatlarına görə, 2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4,37 milyard dolları keçib və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10.8% artım deməkdir. Azərbaycanın Rusiyaya ixracı 1.08 milyard dollar təşkil edib (+0.03%), Rusiyadan isə Azərbaycana idxal da artıb. Yanvar-iyul ayları ərzində ticarət dövriyyəsi 2 milyard 572.8 milyon ABŞ dolları olub. Bu, Azərbaycanın ümumi ticarət dövriyyəsinin 9.57%-ni təşkil edir. Demək, Rusiyanın Azərbaycandan iqtisadi asılılığı var, Azərbaycanın yox. Xüsusən də, Rusiyaya qarşı beynəlxalq iqtisadi sanksiyalar fonunda Azərbaycanın Rusiya üçün önəmi, səsləndirilməyən imkanları Rusiyanı Azərbaycan və Türkiyədən bərk yapışmağı şərtləndirir”.
Siyasi analitikin sözlərinə görə ən əsas məqamlardan biri də, Rusiyaya beynəlxalq siyasi-diplomatik təzyiqlərdə Azərbaycan və Türkiyənin adekvat və rasional mövqeyi Kremlin ayaq üstündə durmaq və manevr imkanlarını genişləndirir:
“Azərbaycanla münasibətlərin korlanması, Rusiya üçün nəfəslik rolunu oynayan Türiyənin də Rusiyadan üz döndərməsinə gətirə bilər.
Azərbaycanda təkcə 340-a yaxın rusdilli tədris müəssisələri var hansı ki, rus dilinin yayılması, siyasi məqsədlər üçün Rusiyaya geniş imkanlar verir. Azərbaycanın növbəti addımı belə məktəblərin profilinin dəyişdirilməsi ola bilər. Halbu ki, Rusiya bütün imkanlarla məktəblərin bağlanmaması üçün Azərbaycanla mübahisədən geri çəkilməyə məcburdur.
Digər tərəfdən, Rusiyada yaşayan əksər etnik azərbaycanlılar Rusiya vətəndaşlarıdır və onların ölkədən kütləvi çıxarılması konstitusiya ilə mümkün deyil. Sözsüz ki, Rusiya Azərbaycanla münasibətlərin tam korlanmasından çəkinəcək, ancaq bu, onun Azərbaycana qarşı düşmən düşüncə tərzinin dəyişməsi demək deyil”.