“Məhərrəmlik” yas ayıdır? – Dinşünas

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Məhərrəm ayının başlaması ilə bağlı fətva verib.
Fətvada bildirilib ki, Şamaxı Astrofizika Rəsədxanasının rəsmi hesablamalarına görə, Hicri-qəməri təqvimi ilə 1446-cı il başa çatır, yeni 1447-ci ilin başlanğıcının – Məhərrəm ayının 1-inin Miladi təqvimlə 2025-ci il iyun ayının 26-na təsadüf etməsi gözlənilir.
Bəs Məhərrəm ayının müsəlmanlar üçün əhəmiyyəti nədən ibarətdir?
Sosdem.az xəbər verir ki, Milli Cəbhə Partiyasının başqan müavini, ilahiyyatçı Tural İrfan mövzu ilə bağlı Patrul.az-a danışıb.
Dinşünnas bildirib ki, məhərrəm ayı adi bir aydır, başqa aylardan heç bir fərqi yoxdur:
“Sadəcə müsəlman təqvimi olan hicri qəməri təqvimə görə ilin ilk ayıdır. Bu ayda Ramazan ayındakı kimi həyata keçirilməsi vacib olan heç bir ibadət yoxdur. Quranda və Peyğəmbərin sünnəsində bu ayın matəm ayı olması yaxud xüsusi ay olması haqda deyilmir. Təbiidir ki, dünyada baş verən hadisələrin hər biri ilin aylarının birinə təvafüq edir. İmam Hüseynin şəhid olması da bu ayın 10-da baş verib. Onu çağırıb öldürənlər peşman olaraq mərsiyələr söyləyib başlarına döyməyə başlayaraq fars adəti olaraq bu ayı matəm ayı elan ediblər. Baxmayraq ki, İslamda 3 gündən artıq yas yoxdur. Əgər olsaydı, bu matəm əvvəlcə Peyğəmbərin özünə keçirilərdi.
Ümumiyyətlə İslamda matəm ayı və ya günü deyə anlayış yoxdur. Çünki İslam insanın tamamilə ölümünü qəbul etmir. Axirət inancı hakimdir və qəbul edilir ki, şəhidlər, ümumiyyətlə insanlar ölmür, sadəcə dünyasını dəyişir. İmam Hüseyn də dünyasını dəyişib, lakin axirət aləmində cənnətməkandır, yaşayır. Fəqət fars şüubiyyəsinin siyasi planları, müsəlmanları parçalayıb digər tərəfi günahkar elan etmək üçün İmam Hüseynin də arvadı fars şahının qızı olduğuna görə onun adı ilə siyasi propaqanda başladıblar. Sasani qalıqları olan Büveyhilər və erməni vəzirli Fatimilər dövründə müsəlmanların Qurban və Ramazan bayramına əks olaraq bu cür nifaq məqsədli matəm və bayram günləri təsis olundu.
Şəhidlərin yad edilməsi üçün Quran və dualar oxunur, xütbələr verilir, onlarla bağlı söhbətlər, moizələr edilir. Lakin toplaşıb sinə vurmaq, zəncir vurmaq, ələm gəzdirib nəzir toplamaq, mərsiyyələr oxuyub süni şəkildə adamları ağlatmaq günahdır, İmam Hüseynin də ruhuna həqarətdir. Peyğəmbər ölümün arxasıyca ağı deyib ağlamağı qadağan edib”.

İlahiyyatçı qeyd edib ki, bu ayda İmam Hüseynin qəhrəmanlığından, şücaətindən, həyatından normal şəkildə danışıb yaşatmaq lazımdır:
“Yoxsa digər artıq hərəkətlər farsizmin siyasi propaqandasına xidmət edir ki, bu xalqımız üçün xarakterik deyil. Ölkəmizə bu xurafatlar Səfəvilər zamanında fars təbliğat maşınının işləməsi ilə keçib. Qaraqoyunlular, Ağqoyunlular, Şirvanşahlar zamanı xalqımız arasında belə şeylər olmayıb. Təəssüf ki, Səfəvilikdə fars məzhəbçiliyi hakim olduğu üçün türk millətini sünni-şiə qoluna ayırıb araya ideoloji sədd çəkmək üçün belə adətləri gətirdilər. Zəncir vuranları haqq yolunda olan, başını yarmayanları da Yezidçi elan etdilər.
Hesab edirəm ki, xalqımız bu xurafatçılıqdan xilas olmalıdır. Çünki həm dinimizi pozur, həm də milli birliyimizə, həmrəyliyimizə xələl gətirir. Məhərrəm matəmi adı ilə siyasi, ideoloji xarici təbliğat yeridilir. Məhərrəm ayında keçirilən ayinlərin, əməllərin heç birinin İslamla əsla əlaqəsi yoxdur. Qədim fars dinlərindən keçən o dövrün siyasi müxalifətinin şüarları, təbliğat vasitəsidir. Şəhidlərin yad edilməsi normal şəkildə, tədbir keçirməklə, dua oxumaqla, yada salmaqla olur. Allahın matəm elan etmədiyi bir ayı matəm elan edib qaraya bürümək tanrıya üsyandır.
İmam Hüseyn ona görə şəhid oldu ki, Məhərrəm ayı matəm yox, şənlik ayı olsun. Amma farslar İmam Hüseyndən şüar kimi istifadə etmək üçün onu məzlum, zəif və məğlub kimi qələmə verdilər. Onun əsl qəhrəmanlıq obrazına süni və yazıq bir bir qiyafə taxıb öz çirkin əməlləri üçün istifadə etməyə başladılar. Bizim avam camaat da elə bilir ki, bunun hamısı İmam Hüseyn üçündür. Halbuki matəm edənlər hər il həmin ayda sanki İmam Hüseynin başını təzədən kəsirlər. O zəncirləri İmam Hüseynin özünə vururlar. İmam Hüseynin başını yarırlar. Çünki İmam Hüseyn xurafat yaşamasın deyə şəhid oldu. Amma bunlar İmam Hüseynin yolunu, amalını təhrif edib onu xurafat qəhrəmanı kimi təqdim etdilər”.
Sonda Tural İrfan bildirib ki, Məhərrəm ayında nə qədər xeyir işlər, toy, nişan çox olsa o qədər savabdır:
“İmam Hüseynin də ruhu şad olar ki, onu məğlub və aciz kimi yox, qalib və qəhrəman kimi təqdim edirlər. Ölüm məhv olmaq deyil. Məgər İmam Hüseyn məhv olub ki, onun barəsində matəm keçirib ağlaşma quraq? İmam Hüseyn uca məqamda ali mərtəbədə yaşayır. Ağlayaq ki, niyə uca məqama çatdı? Ağlayaq ki, niyə şəhid olub cənnətə getdi? 1400 il yaşamalı idi bu günə kimi? Bioloji cəhətdən o qədər yaşamaq mümkün deyil axı. Bəs nə üçün süni şəkildə camaatı ağlatmaq lazımdır? Nəzir toplamaq və fars Sasani ideogiyasını diri saxlamaq üçünmü! Məhərrəm ayından müsəlmanlar arasında nifaq və ixtilafı yaşatmaq üçün istifadə edirlər. İslama zərərli tədbirdir. Xalqın ziyanınadır və mahiyyəti etibarı ilə təxribat xarakterlidir. Hər nə qədər qanvermə aksiyası kimi bəzək filan vurmağa çalışsalar da, bunun İmam Hüseynin özünə də, İslama da, xalqa da zərərdən başqa heç bir təsiri yoxdur”.