Məmurlar əhalinin zərərini öz cibindən ödəyəcək? – Yeni qanun

Özbəkistan dövlət qulluqçularının qanunsuz əməllərindən dəymiş ziyana görə kompensasiya tətbiq etmək istəyir.
Hər bir rayonda fondlar yaradılacaq. Bu fondlar tez bir zamanda zərərçəkənlərə pul ödəyəcək. Bundan sonra dövlət həmin məbləği təqsirkar məmurdan alacaq.
Sosdem.az xəbər verir ki, Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev “Yeni Müsavat”a açıqlamasında bu qanunu mütərəqqi hesab edib.
Millət vəkilinin sözlərinə görə, belə bir qanunun qəbul olunmasına Azərbaycanda da ehtiyac var:
“Bu barədə məlumatı oxuduqdan sonra Azərbaycanda da belə bir qanun hazırlanacağı təqdirdə qanun layihəsinin hazırlanmasında iştirak etməyə qərar verdim. Ola bilsin ki, qanunu özüm hazırladım və Milli Məclisə təqdim etdim. Mən bu barədə çox danışmışam, çıxışlar etmişəm. Düşünürəm ki, hər bir şəxs öz fəaliyyətinə görə məsuliyyət daşımalı və vurduğu ziyanı ödəməlidir.
Azərbaycanda bu məsələlər geniş vüsət alıb. Hər hansı vəzifəli şəxsin səriştəsizliyi, yaxud özbaşınalığı, məsuliyyətsizliyinə görə vətəndaşa ziyan dəyirsə, dəymiş zərəri ödəməlidir. Hesab edirəm ki, belə bir qanun qəbul olunarsa, vəzifəli şəxslər və dövlət qulluqçuları daha məsuliyyətli olacaqlar. Qanun layihəsinin hazırlanmasına yaxın zamanda başlayacam”.
