“Elə bil, notariusa təsdiqə gəlmişdi…” – Deputat

Təklif edirəm ki, parlamentdə müəyyən bir hökumət saatı müəyyənləşdirək. Və ayda bir dəfə bir hökümət üzvü suallarımızı cavablandırsın.
Sosdem.az xəbər verir ki, bu təklifi Milli Məclisdə çıxışı zamanı Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev verib.
Millət vəkili qeyd edib ki, komitə iclaslarında, plenar iclaslarda danışmaq, canlı interaktiv sual cavab etmək olmur:
“Suallar da, narahatlıqlar da yığılıb qalır. Ayrı ayrı hökümət üzvlərinə, nazirlik, səhmdar cəmiyyətlər və sair dövlət rəhbər şəxslərə ciddi suallarımız yaranır. Bu məsələlərdə parlamentin rolu nəyinki açıqlanmalı, həm də mütləq olmasına zərurət görürəm. Deputatın işi yalnız hazır gələn qanunları müzakirə etmək olmamalıdır. Qanunvericiliyin yaradılmasında yaxından iştirak etməliyik. Və mən bunun icrasını istəyirəm. Qanunlar gəlir və göndərən subyekt bəzən dəyişiklərə qarşı olur. Bu müqaviməti hiss edirəm, bunu da yol verilməz kimi qəbul edirəm.

“Komitə iclaslarında və digər toplantılar da 15-20 deputat danışır, sual verir və bəzən suallara bir neçə cümlə ilə arqumentsız cavablar verilir”, deyən MCP başqanı, əlavə edib ki, çox suallar isə cavabsız qalır.
“Aidiyyatı vəzifəli şəxs də qovluğunu götürüb gedir. Elə bil, notariusa təsdiqə gəlmişdi. Kim düşünürsə ki, parlament notariusdur ciddi yanlışlığa yol verir. Bu belə deyil. Onun üçün də, bu cür yanaşmalarına düzəliş etsələr yaxşı olar”, – deputat bildirib.