Xəbərlər

Bəzi bələdiyyələr torpaq talançılığı ilə məşğul olub… – DEPUTAT


“Bələdiyyələrin vahid informasiya sisteminin yaradılmasını dəstəkləyirəm. Bu o deməkdir ki, bildirişlər də elektron şəkildə alınacaq, kim istəsə vahid sistemdən informasiya almaq üçün sorğu göndərə biləcək. İnanıram ki, müəyyən şəffaflıq hiss olunacaq. Bununla bərabər, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanuna edilən dəyişikliyə görə vahid sistemin yaradılması ilə bağlı bütün xərclər bələdiyyələrin özləri tərəfindən ödənilməlidir”.

Sosdem.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev Milli Məclisdə çıxışı zamanı deyib. 

Deputat bildirib ki, qeyd edilən xərclər kiçik deyil:

“İnformasiya təminatının yaradılması, elektronlaşdırma, inteqrasiya, arxivləşdirmə və sair işlər üçün xeyli vəsait və bacarıqlı işçilər tələb olunacaq. Elə bələdiyyələr var ki, onlar xərc və borc içində boğulur, hesabları yığılan borclardan bağlıdır, bir çox bələdiyyə yetkililəri heç bu səbəbdən xaricə də gedə bilmir. Belə bir vəziyyətdə onlar hansı gəlirlə bunu ödəyəcəklər? Axı bu sistemin qanunda yazıldığı kimi fəaliyyət göstərməsi üçün ən azından iki-üç nəfər güclü potensiallı kadr lazımdır ki, kompüterlərin arxasında oturub bu işləri görsünlər və buna görə də yüksək aylıq maaş alsınlar.

Xüsusən kənd bələdiyyələrinin gəlirləri formaşaldırmaq üçün kadr potensialı da zəifdir, vergi toplamaq imkanları da aşağı səviyyədədir və gəlir yerləri də çox kasaddır. Ona görə də təklif edirəm ki, burada dəyişiklik nəzərdə tutulsun ki, kifayət qədər gəlirləri olmayan bələdiyyələr üçün bu vəsait digər mənbələrdən ödənilsin”.

MCP başqanı təklif edib ki, bir çox bələdiyyələrin, xüsusən böyük şəhərlərdə olan bələdiyyələrinin fəaliyyətinin ciddi şəkildə yoxlanılması həyata keçirilsin:

“1999-cu ildən bəri seçilmiş bələdiyyə sədrləri torpaq talançılığı ilə məşğul olmuş və qeyri-qanuni yollarla milyonlara sahib olmuşlar. Bu gün də talançılığıla məşğul olanlar var. Böyük şəhərlərdə olan bələdiyyələrin keçmiş rəhbərləri ilə bağlı ciddi araşdırmaların aparılmasını istəyirəm. Əgər vahid informasiya sistemi yaradıb şəffaflığa nail olmaq istəyiriksə, keçmişi də unuda bilmərik. Qanunsuz torpaq satışı, qanunsuz sənədləşmə edənləri və şəhərdə məskunlaşmanı xaosa çevirənləri ciddi şəkildə cəzalandırmaq lazımdır”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu