MCP başqanı Qarabağa səfər etdi – Siyasi partiyalarla birlikdə

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiya sədrləri Zəngilan, Cəbrayıl və Horadizə səfər ediblər.
Sosdem.az xəbər verir ki, Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev də səfərdə iştirak edib.
Səfər çərçivəsində iştirakçılara Horadiz şəhərinin yaxınlığında düşmən tərəfindən basdırılmış minaların zərərsizləşdirilməsi prosesini izləyiblər.
Daha sonra səfər iştirakçıları üçün Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında işğal zamanı düşmənin dağıtdığı evlərin qalıqları, Cəbrayıl şəhər yaşayış kompleksi və Mehdi Mehdizadə adına tam orta məktəb ilə tanışlıq, həmçinin şəhərin baş planının təqdimatı keçirilib.
Səfər çərçivəsində iştirakçılar Cəbrayılda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı haqqında geniş məlumat əldə ediblər. Daha sonra qonaqlar üçün Zəngilanın Məmmədbəyli kəndi, Zəngilan şəhər məscidi, Zəngilan Konqres Mərkəzi, 104 mənzilli yaşayış kompleksi və Oxçuçay üzərində yerləşən “Zəngilan” SES-ə ekskursiyalar təşkil olunub.
Səfərdə iştirak edən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev siyasilərin qarşısında çıxış edərək, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə təşviq olunan siyasi dialoq mühiti çərçivəsində ötən dövr ərzində görülmüş işlər haqqında geniş məlumat verib.
Səfər iştirakçılarına bildirilib ki, bölgənin turizm potensialı digər rayonlarda yaradılacaq turizm imkanları ilə uzlaşdırılacaq. Burada hotellər, istirahət zonaları yaradılacaq və kənd turizmi də inkişaf etdiriləcək. Yaradılacaq yeni infrastruktur layihələri Qarabağa qayıdacaq insanlar üçün məşğulluq və gəlir mənbəyi olacaq.







