Bu, siyasi yetkinlik deyil, populizmdir – MCP başqanı

Son zamanlar sosial şəbəkələrdə və bəzi ictimai dairələrdə Azərbaycanda “real müxalifətin olmadığını” söyləyənlər əslində, reallıqdan daha çox, siyasi fəaliyyəti ya görmək istəməyənlər, ya da müxalifəti yalnız səhnəlik şoularla qiymətləndirənlərdir.
Sosdem.az xəbər verir ki, bunu Modern.az-a Milli Cəbhə Partiyasının başqanıi, deputat Razi Nurullayev deyib.
Millət vəkili vurğulayıb ki, bəli, bu gün Azərbaycanda real müxalifət var – o, parlamentdə də təmsil olunur, cəmiyyət içində də fəaliyyət göstərir.
“Amma bəzi çevrələr müxalifəti yalnız qışqırmaq, dağıtmaq və ya küçədə şüarlar səsləndirməklə ölçürsə, bu artıq siyasi yetkinlik deyil, populizmdir.
Biz müxalifətik-təkcə ritorikada deyil, əməl və məsuliyyətdə də. Biz qanunvericilik təşəbbüsləri ilə çıxış edirik, hökumətin xalqın mənafeyinə zidd hesab etdiyimiz qərarlarına qarşı səsimizi ucaldırıq, tribundan haqsızlıq hesab etdiyimiz məsələlərə qarşı açıq şəkildə danışırıq və regionlarda insanların problemlərini birbaşa dinləyirik. Bunu görmək istəməyənlər ya məqsədli şəkildə gözlərini yumur, ya da siyasi düşərgələrin içərisində çaşqınlıq yaratmaq istəyirlər”, – partiya başqanı bildirib.

Deputat qeyd edib ki, biz səs-küy salmaq yox, nəticə əldə etmək yolunu seçmişik.
“Əgər kimlərsə müxalifəti yalnız qıcıq doğuracaq radikal çağırışlarla ölçürsə, bu yanaşma Azərbaycanın siyasi sistemini inkişaf etdirmir, əksinə, gözdən salır.
Müxalifətin işi xalqa xidmət etmək, real problemləri qaldırmaq və ictimai nəzarəti təmin etməkdir – biz bunu edirik və edəcəyik.
Sonda bir sual vermək istərdim: “real müxalifət yoxdur” deyənlər, özləri hansı real nəticələr əldə etdiklərini sadalaya bilirlərmi?”,- MCP başqanı əlavə edib.