Yaxın şərq Türkiyə və İsrail arasında… – Ekspert

İsrail və Türkiyə Bakıda danışıqlara başlayır. Yaxın Şərq bu iki dövlət arasında bölünüb…
Bunu Sosdem.az-a açıqlamasında Mili Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.
O, İsrail mediasına istinadən deyib ki, mayın 8-də Bakıda Türkiyə-İsrail nümayəndələri arasında danışıqlar keçirilməlidir.
“Heç şübhəsiz ki, Bakının Azərbaycana yaxın olan bu iki dövlətin münasibətlərinin normallaşması üçün əməli addım atacağı gözlənilirdi. Sözsüz ki, danışıqlarda regional təhlükəsizlik və xüsusən də hər iki dövlətin Suriyada maraqları əsas mövzudur.
Bakı görüşünə, ümumiyyətlə İsrail Türkiyə arasındakı danışıqlar ancaq bu iki dövlətin münasibətlərinə aid deyil. Dəfələrlə qeyd etmişəm ki, bütün regionun taleyi İsrail və Türkiyə arasında razılaşmadan asılıdır. Yaxın Şərqin siyasi mənzərəsi bu iki dövlətin arasında bölüşdürülən maraqlara uyğunlaşdırılır.
ABŞ, İsrail və Azərbaycan arasında üçtərəfli strateji müttəfiqlik danışıqları, Azərbaycanın təbii və rəsmi müttəfiqi Türkiyəsiz mümkün deyil. Əgər üçtərəfli belə bir danışıqlar gedirsə demək, Türkiyə də prosesdədir. Həm də yəni, İsrail Türkiyə toqquşmasından söhbət gedə bilməz”, – şərhçi deyib.

Ekspert, İsrail-Türkiyə münasibətlərində aydınlaşma prosesinin Netanyahunun Trampla görüşündən sonra konkretləşəcəyini qeyd edib.
“Netanyahunun bu günlərə planlaşdırılan Bakı səfərinin, Türkiyə prezidenti Ərdoğanla mümkün görüşünün təxirə salınmasının əsl səbəbi İsrail və Türkiyə arasında razılaşdırılmamış bəzi məqamların olmasıdır. Ortaq məxrəcə gəlindikdən sonra görüş baş tutacaq.
Çox güman ki, İsrail və Türkiyənin Bakı danışıqlarından sonra, iki dövlət lideri görüşüb və əldə edilən razılaşmanı rəsmiləşdirəcək və yəqin ki, elə Bakıda”, – politoloq bildirib.