Siyasi partiyalar LAÇINA səfər ediblər

Azərbaycanda fəaliyyət göstərən siyasi partiya rəhbərləri birgə işğaldan azad edilmiş torpaqlara növbəti səfərlərini ediblər.
Sosdem.az AZƏRTAC-a istinadən xəbər verir ki, sayca 6-cı olan birgə səfərin ünvanı Laçın şəhəri olub. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə aprelin 29-da həyata keçirilmiş səfərdə ümumilikdə 80 nəfər olmaqla, 24 siyasi partiyanın sədr və nümayəndələri, habelə politoloq, siyasi şərhçi, internet televiziyalarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlər iştirak ediblər. Səfər çərçivəsində Zabuxçay su anbarı, Laçın şəhəri, o cümlədən Heydər Əliyev küçəsi, “Lacinema” kino mərkəzi, “Hoçazfilm” kinopavilyonu və Bəylik kəndində aparılan bərpa və yenidənqurma işləri ilə tanışlıq olub, habelə “Zerti Aqro-Sənaye Parkı”nda fəaliyyət göstərən müəssisələr haqında ətraflı məlumatlar verilib.
Səfər zamanı Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Laçın şəhərində iştirakçılar qarşısında çıxış edərək ötən dövr ərzində Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı şəkildə təşviq olunan həmrəylik mühitinin strateji əhəmiyyəti və mövcud istiqamətdə görülmüş işlər haqqında geniş məlumat verib.
Səfər çərçivəsində siyasilər Laçının iqtisadi, habelə turizm potensialı ilə də tanış olublar. İştirakçılara bildirilib ki, Laçının turizm potensialı digər rayonlarda yaradılacaq turizm imkanları ilə də uzlaşdırılacaq. Burada hotellər, istirahət zonaları yaradılacaq və kənd turizmi də inkişaf etdiriləcək. Nəzərə alınmalıdır ki, yaradılacaq yeni infrastruktur layihələri Qarabağa qayıdacaq insanlar üçün məşğulluq və gəlir mənbəyi olacaq.
Qeyd edək ki, səfərdə Milli Cəbhə Partiyasını partiya başqanı, deputat Razi Nurullayev təmsil edib.