Çin-Azərbaycan münasibətləri, iki dövlətin maraqlarından böyükdür – Ekspert

Prezident İlham Əliyevin Çinə dövlət səfərini təkcə iki dövlətin maraqları kontekstindən dəyərləndirilməsi doğru deyil. İlk növbədə hal-hazırda gedən qlobal dünya bölgüsü və xüsusən də ABŞ-nin Çinlə mübarizəsi, Rusiya-Ukrayna müharibəsi, Avropa-Rusiya qarşıdurması, Ağ evin dünyaya qarşı iqtisadi və tariflər müharibəsi fonunda Azərbaycanla Çinin strateji əməkdaşlığı qlobal dünya düzənində Bakının proseslərə təsir imkanıdır.
Bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.
O bildirib ki, Çinin irəli sürdüyü “Bir kəmər, bir yol”, “ipək yolu” lahiyələri, Tayvan məsələsində Azərbaycanın mövqeyi Çinə siyasi-diplomatik dəstəyi kimi çox vacibdir.
“Azərbaycanın da tələblərinə uyğun Ermənistanla sülh müqaviləsi, Minsk qrupunun ləğvi, Zəngəzur dəhlizi məsələsində Çinin mövqeyi təsiredici qüvvədir.
Aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”da qeyd edilir ki, “Çin Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir”. Adətən və praktik olaraq Çin beynəlxalq siyasətdə neytrallıq prizmasından çıxış etdiyi halda, Azərbaycana münasibətdə Çin açıq şəkildə Azərbaycanın irəli sürdüyü tələblər daxilində sülhü dəstəkləyir.
Digər vacib məsələ isə, Azərbaycan Hindistan münasibətləri ilə bağlıdır. Hindistan Ermənistanı silahlandırır, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasına mane olur. Həmçinin, Hindistan həm əhali və həm də iqtisadi inkişaf baxımından ilk növbədə regionda Çinə tutarlı rəqibə çevrilir. Hindistan, Azərbaycanın faktiki müttəfiqlik münasibətində olduğu Pakistana qarşı (Kəşmir) uzun sürən hərbi qarşıdurma ilə müşayət olunan gərgin münasibətində Çin-Azərbaycan strateji tərəfdaşlığı təsiredici faktora çevrilir. Paralel olaraq, Pekinin Azərbaycanın müttəfiqi Türkiyə ilə isti münasibəti, Çin-Azərbaycan strateji əməkdaşlığı üçün imkanları genişləndirir. Rusiya Ukrayna müharibəsində Çinin Rusiya maraqları kontekstindən çıxışı da danılmaz faktdır. Çin faktoru həm də soyuqlaşan Rusiya-Azərbaycan münasibətlərinə də təsir edə bilər”, – başqan müavini deyib.

Ekspert qeyd edib ki, Avropa İttifaqının Orta Asiyada möhkəmlənmək istəyi və bu istiqamətdə real addımları, regiondan Avropanın bəhrələnməsini ancaq Azərbaycan üzərindən mümkün və əhəmiyyətli edə bilər.
“Yəni, Avropa və digər oyunçular Orta Asiya və Cənubi Qafqazla siyasətində Çin faktorunu ilə yanaşı Azərbaycanın da maraqlarını nəzərə almaq məcburiyyətindədir. Hərçənd ki, onsuz da Avropanın enerji təhlükəsizliyində Azərbaycan resurs və tranzit imkanları ilə Avropa üçün çox vacib və məcburi hesablaşmalı olduğu oyunçudur. Ancaq, ümumən (bəzi dövlətlər istisna) Avropa belə bir vəziyyətində də Azərbaycana qeyri-dost münasibət bəsləyir.
Azərbaycan-Çin münasibətlərinə həm də ABŞ-Çin rəqabəti və iqtisadi qarşıdurma kontekstindən də baxmaq mütləqdir. Bu ilin mart ayında İsrail Milli Missiyalar naziri Orit Ştrak açıqlamasında İsrail, ABŞ və Azərbaycan arasında üçtərəfli strateji müttəfiqlik yaratmaq üçün danışıqlar aparıldığını bildirib. Əgər qeyd edilən konteksdən Çin-Azərbaycan münasibətləri dəyərləndirsək, qənaət belədir ki, Azərbaycan balanslı siyasət kursunu davam etdirir, qarşıdurma tərəfləri ilə siyasətində milli maraqlar əsas şərt kimi, həm də Azərbaycanın müttəfiqlərinin (xüsusən Türkiyə, Böyük Britaniya) ümumi maraqlarını hesaba götürülür. Qaldı ki, Orit Ştrak açıqlamasında, Azərbaycan-İsrail strateji müttəfiqliyinin rəsmiləşməsi mümkün görünsə də, ABŞ ilə bağlı qeyd etmək lazımdır ki, İran məsələsi həll olunmayınca üçtərəfli strateji müttəfiqlik hələ ki, mümkün deyil. ABŞ-də Tramp hakimiyyətindən sonra üçtərəfli müttəfiqlik anlaşması daha da çətinləşə bilər.
Göründüyü kimi, Çin-Azərbaycan münasibətləri, danışıqları iki dövlət maraqlarından da daha böyük və mürəkkəbdir. Bu münasibətlər, formalaşan yeni dünya düzənində Azərbaycanın maraqlarının nəzərə alınmasına əlavə və tutarlı təsir imkanlarını formalaşadırır”, – siyasi şərhçi bildirib.