Türk birliyində parçalanma mümkün deyil – Deputat

Avropa Komissiyasının sədri Ursula Fon der Leyenin iştirakı ilə Özbəkistanda (Səmərqənddə) keçirilən Aİ-Mərkəzi Asiya Sammitində bu ittifaqla Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Tacikistan və Özbəkistan arasında 12 milyard avro dəyərində müqavilə imzalanıb. Razılaşma çərçivəsində bu ölkələr BMT-nin 541 və 550 saylı qətnamələrini dəstəkləyib və Cənubi Kipri (yunan tərəfi) Şimali Kipr Türk Cümhuriyyətinə qarşı “Kiprin yeganə qanuni hökuməti” kimi tanımağa qərar veriblər.
Sosdem.az xəbər verir ki, məsələylə bağlı Teleqraf-a danışan Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının başqanı Razi Nurullayevin fikrincə, türk dövlətləri daxilində parçalanmanın olması mümkün deyil.
Deputat hər bir ölkənin mövqeyi və milli maraqlarından irəli gələn çağırışların olmasına diqqət çəkib:
“Türk Dövlətləri Təşkilatı mövcuddur. Amma təşkilat xaricdən olan təhdidləri və iqtisadi maraqları qarşılayacaq gücdə deyil. Bu mənada türk dövlətləri tərəfindən verilmiş qərara heç də birmənalı yanaşmaq lazım deyil. Onların da Avropa strukturlarından kredit və dəstək almaq istəklərinin olması normaldır. Ümumilikdə bu məsələlərin fərqli təzdə təbliğinə imkan verməmək üçün məsələhətləşmələrə ehtiyac var”.

Razi Nurullayev TDT-də zaman-zaman Şimali Kiprlə bağlı müəyyən müzakirələrin aparıldığını da bildirib:
“Bu məsələdə vahid fikir olmalıdır. Fərqli yanaşmalar birliyə xələl gətirə bilər. Ola bilsin ki, dövlət rəhbərləri arasında müəyyən məsləhətləşmələr aparılacaq”.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının 4-cü maddəsi çərçivəsində alınan qərarla türk dövlətləri Türkiyəni Kiprdə “işğalçı güc” olaraq rəsmən qəbul etmiş sayılırlar.