Xəbərlər

“Rusiya İrana hərbi yardım etmək iqtidarında deyil” – Ekspert

İsrailin baş naziri Netanyahunun aprelin 7-si ABŞ səfərinə qədər Suriyaya qarşı keçirdiyi hərbi əməliyyatlar səbəbindən İsrail-Türkiyə münasibətləri gərginləşmişdi. Görüşdən sonra Trampın Türkiyə prezidenti Ərdoğana dəstəyini bildirməsi İsrail-Türkiyə arasında gərginliyi müvəqqəti də olsa aradan qaldırdı.

Sosdem.az xəbər verir ki, bunu “Xalq Cəbhəsi”-nə Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.

Onun sözlərinə görə İsrail Türkiyənin Suriyada hərbi baza qurmasını strateji hədəflərinə maneə hesab etdiyi üçün iki ölkə arasında gərginlik dərinləşmiş, hətta bəzi hərbi toqquşma ehtimalı da yaranmışdı:

“Netanyahu ABŞ səfərinə qədər Türkiyə ilə artan gərginlik fonunda Suriyanın ABŞ, Türkiyə və Rusiya arasında zonalara bölünməsini istəyirdi. Sual doğuran odur ki, Netanyahu Rusiyanın Suriyada mövcudluğunun davamına niyə maraqlı olsun ki?! Hansı ki, İsrailin ən etibarlı və əvəzsiz müttəfiqi ABŞ Rusiyanı yaxın Şərqdən sıxışdırmaqda maraqlıdır. Ən vacibi isə İsrail və ABŞ birlikdə İrana qarşı hərbi əməliyyatlara hazırlaşdığı bir zamanda Tehranın müttəfiqi Rusiyanın Yaxın Şərqdə mövqeyinin güclənməsinə şərait yaradılır. Belə bir zamanda Rusiya qırıcılarının İranda görünməsindən sonra da İsrailin Suriyanın zonalara bölünməsində Moskvanın iştirakı təklifi böyük sual doğurur və ciddi araşdırma tələb edir.

Belə bir izah da var ki, İrana hərbi müdaxilə olduğu halda Rusiya Suriyada mövcudluğunun davamı müqabilində Moskva İrana hərbi yardım etməyəcəyini vəd edib. Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko aprelin 8-də Dövlət Dumasında çıxış edərkən, “ABŞ İrana hücum edərsə, Moskva Tehrana kömək etməyəcək”, – deyə bildirib”.

Politoloqun fikrincə, açıqlamadan da göründüyü kimi Rusiya İrana İsrailin yox, ABŞ-nin mümkün hücumunu nəzərdə tutur:

“Ancaq fakt budur ki, Rusiya istəsə belə İrana hərbi yardım etmək iqtidarında deyil. Bəllidir ki, Rusiya Ukraynada müharibəni İranın, Çinin, Şimali Koreyanın və sair ölkələrin hərbi köməyi hesabına aparır. Təbii ki, İrana ABŞ-nin mümkün hücumu zamanı Rusiyanın Tehrana hərbi yardımdan imtinası siyasi sövdələşmə predmeti ola bilməz.

Demək məqsəd və hədəf tamamilə başqadır. İsrail Rusiyanın regionda maraqlarını təminə çalışmır, əksinə Rusiyadan müvəqqəti istifadə etmək niyyətindədir. İsrailə regionda, xüsusən də Suriyada, Livanda daimi gərginlik strateji hədəflərinə imkanlar verir. İsrailin “vəd edilmiş” torpaqlara tam yiyələnməsi üçün regionda böyük dövlətlərin maraqlarının toqquşması, qeyri-sabitlik, ölkədaxili hakimiyət çəkişmələri, silahlı qruplaşmaların mövcudluğu, girovlar, İsrailə raket zərbələri mütləqdir. Rusiyanın Suriyada mövcudçuğu qarşıdurma yaradır, mərkəzi hökumətin möhkəmlənməsinə mane olur, regiona əlavə dövlətlərin müdaxiləsinə imkan verir. Məhz belə bir qarışıq vəziyyətdə İsrail öz ərazisini böyütmək imkanı əldə edir.

Netanyahunun Trampla görüşdən sonra İsrail rəsmi şəkildə Suriyada üçüncü qüvvələrin hərbi baza qurmasını özünün qırmızı xətti kimi elan etdi. Əslində İsrailin belə bir bəyanatı onun diplomatik danışıqlara gedəcəyinə işarədir, nəinki açıq gərginlik”.

Şərhçi Türkiyə-ABŞ, Ərdoğan-Tramp arasında münasibətləri korlanmaq üçün provokasiyaların mümkünlüyünü bildirib.

“Ancaq ABŞ dünya nəhənglərindən qarşı açdığı iqtisadi tarif müharibəsi fonunda Yaxın Şərqdə vəziyyət Türkiyə və İsrailin ixtiyarınxadır. İsrail Türkiyə ilə ortaq məxrəcə gəlmək məcburiyyətindədir, daha doğrusu, polittexnaloji ssenarinin nəticəsi olaraq.

İsrail Türkiyə arasında hərbi toqquşma yaxın dövrlər üçün mümkün deyil. Azərbaycan prezidenti İlham Əliyev aprelin 9-da beynəlxalq konfransda 2022-ci ildə İsraillə Türkiyənin barışdırmasına nail olduğunu bildirdi. Son məlumatlara görə, Azərbaycanın vasitəçiliyi ilə Bakıda artıq İsrail-Türkiyə danışıqları gedir”, – Ekspert qeyd edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu