Xəbərlər

“İnsanlar Mediasiya Şurasının xidmətindən istifadə etsinlər…” – Deputat

Müasir dövrdə insanlar öz şəxsi problem və münaqişələrini sosial şəbəkələrə daşıyırlar. Elə orada da həll etməyə çalışırlar. Xüsusilə də tanınmışlar və müxtəlif vəzifə sahibləri sosial şəbəkələrdə bir-birlərinə atmacalar atır, təhqir və ya səs-küylü paylaşımlar edirlər.

Bəs bu hallar nə dərəcədə düzgündür?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev qeyd edib ki, istənilən şəkildə insan öz hörmətini və ağırlığını saxlamalıdır.

“Sosial şəbəkələrdə ayrı-ayrı tanınmış, vəzifəli şəxslərin və yaxud da digər vətəndaş qruplarının bir-biri ilə mübahisə etməsi, bir-birinə atmacalar atması və yaxud da şantaj etməsi təbii ki yaxşı hal kimi qiymətləndirilə bilməz. Amma, bu internet texnologiyalarının insanlar üçün yaratdığı bir resursdur.

İnsanlar da bundan istifadə etmək istəyir. Sanki onlar sosial şəbəkələrin imkanlarından təsəlli tapmaq üçün istifadə edirlər”, – millət vəkili deyib.

MCP başqanı sosial şəbəkələrə daşınan problemlərin həllini tapmasına inanmadığını deyib.

“Bu günə qədər mən belə bir halın şahidi olmamışam. Sosial şəbəkələr üzərindən bu cür ittihamların həyata keçirilməsi o insanın psixoloji və mənəvi cəhətdən təskinlik tapmasına səbəb olur. Əksinə sosial şəbəkələrə məsələ çıxandan sonra açıq bir mübarizə müstəvisinə keçir. Bu baxımdan insanlar üçün ölkəmizdə mediasiya təşkilatı yaradılıb.

Mən düşünürəm ki, insanlar onun xidmətindən istifadə etsinlər. Bir çox mürəkkəb məsələləri məhkəmə müstəvisinə daşısınlar”, – deputat bildirib.

Razi Nurullayev əlavə edib ki, problemin həlli yolunu düşünürlərsə, ağsaqqal və ağbirçəklərdən, dost-tanışdan ibarət dəyirmi masa ətrafında həll etməyə çalışsınlar. Sosial şəbəkələrdə atmaca atmaq çıxış yolu deyil.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu