Xəbərlər

“Rusiya Cənubi Qafqazı özünün “arxa bağçası” hesab edir, amma…” – Ekspert

Rusiya Azərbaycanın siyasi addımlarına qarışa bilməz”.

Sosdem.az xəbər verir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Cəbhə Partiyasının başqan müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.

Analitik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin VII ADA Siyasi Forumunda Rusiya-Ukrayna müharibəsi ilə bağlı son çıxışını dəyərləndirib:

“Azərbaycanın Ukraynanın ərazi bütövlüyü və suverenliyini tanınması barədə cənab Prezidentin bu bəyanatı xüsusi əhəmiyyət kəsb edir. Çünki biz bu məsələ ilə bağlı beynəlxalq hüquq çərçivəsində çıxış edirik və Prezident Azərbaycanın rəsmi mövqeyini bir daha bəyan etdi. Təbii ki, bu Rusiya-Azərbaycan əlaqələrinə mənfi təsir etmir. Ümumi götürdükdə isə Azərbaycan bu məsələdə Ukraynanın yanındadır. Bir daha təsdiq olunur ki, Rusiya Ukraynada işğal siyasəti aparır”.

Siyasi şərhçi qeyd edib ki, Rusiya Cənubi Qafqazı özünün “arxa bağçası” hesab etsə də, Azərbaycan müstəqil siyasət yürütdüyünü bir daha sübut etmiş oldu:

“Təbii ki, Rusiya Azərbaycanı, xüsusilə Cənubi Qafqazı özünün “arxa bağçası” hesab edir, amma cənab Prezidentin bu prinsipial mövqeyi göstərir ki, Azərbaycan müstəqil dövlətdir, öz müstəqil gündəliyi var və beynəlxalq hüquqa söykənərək Ukraynanı dəstəkləyir. Azərbaycan Ukraynaya humanitar yardım göndərib, ölkə başçısı Ukrayna prezidenti ilə beynəlxalq platformalarda, konfranslarda görüşlər keçirib, ikitərəfli əlaqələri möhkəmləndirib. Qısacası, bizim Ukrayna ilə əlaqələrimiz yüksək səviyyədə davam edir”.

“Təbii ki, bu Rusiya ilə Ukrayna arasında gedən müharibədir. Azərbaycan da 30 il ərzində işğaldan əziyyət çəkib, öz ərazi bütövlüyü və suverenliyi təhdid olunub və Azərbaycanın bu məsələdə aydın mövqe göstərməsi xüsusi əhəmiyyət daşıyır. Rusiya bu məsələdə Azərbaycan siyasətinə qarışa bilməz. Çünki Rusiyanın Ukraynada həyata keçirdiyi işğalçı siyasət növbəti mərhələdə Ukraynaya qalib gələrsə, digər qonşu ölkələrə qarşı da həyata keçirə bilər. Azərbaycan Krım daxil olmaqla Ukraynanın ərazi bütövlüyünü tam tanıyır”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu