Qəbristanlıqlarda xaos və özbaşınalıq… – Dinşünas

Qəbristanlıqlarda xaos və özbaşınalıq baş alıb gedir.
Bunu Milli Cəbhə Partiyasının başqan müavini, ilahiyyatçı Tural İrfan Mətbuat.az-a deyib.
Onun sözlərinə görə qəbir yerlərinin alveri çoxdankı problemdir.
“Məlumdur ki, qəbir yerlərini müxtəlif işbazlar, bələdiyyələr tutub baha qiymətə satırlar. Qəbristanlıqlarda xaos və özbaşınalıq baş alıb gedir. Kim necə istəsə, elə də edir. Qəbir yerlərinin öz qiyməti var. Varlı, imkanlı adamlar yaxud bəzi məmurlar özləri üçün böyük yerlər zəbt edirlər, nəsil qəbristanlığı salırlar. Ölmək də yaşamaq qədər çətinləşib. Bunun qarşının alınmasına hələ ki, bir cəhd görünmür”, – dinşünas əlavə edib.
Dini ekspertin sözlərinə görə, hər qəsəbənin, hər şəhərin öz konkret qiyməti var.
“Yazılmamış qanunlara əsasən, məzarlıqda da hər yerin öz qiyməti var. Bu haqda çox danışıb çox yazmışıq, ancaq xeyri yoxdur. Çünki artıq bu sahədə böyük inhisarçılıq və biznes şəbəkəsi qurulub. Onu qanuni dəyişikliklərlə nizama salmaq isə böyük əmək və zaman tələb edir. Bu barədə qanun var, amma əməl edilmir. Yaxşı olar ki, qanun işlək hala gətirilsin”, – ilahiyyatçı bildirib.
