“AŞPA lazımlı qurumdur. Amma…” – Deputat
Beynəlxalq təşkilatların Azərbaycana qarşı qərəzli münasibətini dəfələrlə görmüşük. Azərbaycanın haqlı olduğu məsələlərdə Qərb “demokratiyası” niyəsə işlək mexanizmə çevrilmir.
Biz bunu 30 ilə yaxın işğala məruz qaldığımız, soyqırımlar, faciələrlə üzləşdiyimiz zaman görmüşük. Bu dəfə də Qərb “demokratiyası” Azərbaycana qarşı ikiüzlü yanaşma nümayiş etdirib. Bir sıra təşkilatlar Avropa Şurası Parlament Assambleyasına (AŞPA) müraciət edərək Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərini bərpa etməməyə çağırıb.
Məsələ ilə bağlı Cebheinfo.az-a danışan Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev deyib ki, bütün beynəlxalq təşkilatların bir yaranma missiyası var:
“AŞPA da Azərbaycana lazımdır və onunla əməkdaşlığını davam etdirmək istəyir. Amma AŞPA-nın Azərbaycana qarşı sanksiyası, yəni nümayəndə heyətinin mandatdan məhrum edilməsi, təbii ki, münasibətlərə xələl gətirib.
Onlar Azərbaycana təzyiq etdiyi zaman gözləntiləri müsbət yöndə həll olunmur və oluna da bilməz. Onlar da bunu çox gözəl bilirlər. Əslində AŞPA lazımlı qurumdur, kommunikasiya, danışıqlar, fikir mübadiləsi platformasıdır. Amma Azərbaycanı mandatdan məhrum etməklə özlərini də kommunikasiya imkanlarından məhrum ediblər. Düşünmürəm ki, bu yaxşı haldır.
Azərbaycan iqtidar nümayəndələrinin fikirlərindən də görə bilərik ki, əgər Azərbaycan AŞPA-ya lazım deyilsə, AŞPA Azərbaycana heç dünəndən lazım deyil. Bu fikirləri cəmiyyətdə, xüsusilə də hakimiyyət nümayəndələrinin fikrində görürəm. Ona görə də AŞPA-nın Azərbaycana qarşı yanaşması münasibətlərin və problemlərin həllinə kömək etmiş olmur”.