Tramp departamenti antiazərbaycançılardan təmizləyir? – Politoloq
ABŞ-də Dövlət Departamentinin onlarla əməkdaşı seçilmiş prezident Donald Trampın tələbi ilə istefa ərizələrini təqdim edir. Məlumata görə, müvafiq göstəriş Trampın köməkçilərindən gəlib və istefa verənlər arasında yüksək vəzifəli diplomatlar da yer alır.
Burada diqqət çəkən məqam odur ki, Baydenin prezidentliyi dönəmində ABŞ-Azərbaycan münasibətlərini gərginləşdirən məhz Dövlət Departamenti və orada çalışan, qərəzli mövqedən çıxış edən diplomatlar idi.
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən Milli Cəbhə Partiyasının başqan müavini, politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Bayden administrasiyası ilə Azərbaycan arasında Vaşinqtondan qaynaqlanan müəyyən bir siyasi problem var idi:
“Məhz Dövlət Departamentindəki diplomatlar daim anti-Azərbaycan siyasəti həyata keçirirdilər. Biz bunu İkinci Qarabağ müharibəsindən sonra hakimiyyətə gələn Bayden administrasiyasının siyasətində və Qarabağdakı antiterror əməliyyatları zamanı gördük. Antiterror əməliyyatlarından sonra qərəzli münasibət daha qabarıq şəkildə özünü göstərməyə başladı. Halbuki, Cənubi Qafqazda gedən geosiyasi proseslər ABŞ-ın maraqlarına cavab verirdi, amma ermənipərəst mövqe sərgilənirdi. Dövlət Departamentində başda Blinken olmaqla təmsil olunan bir çox diplomatlar tamamilə Azərbaycana qarşı qərəzli və destruktiv mövqedən çıxış edirdilər. Görünən odur ki, artıq onların sonu çatıb. Tramp onları istefaya göndərir.
Bu onu göstərir ki, Tramp ABŞ-ın dövlət maraqlarına zərbə vuran diplomatlarla işləməyəcək. Hesab edirəm ki, Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlərdə normallaşma olacaq. Dövlət Departamenti və yeni dövlət katibi Azərbaycanla münasibətləri normal müstəviyə gətirib çıxaracaq. Məhz rəsmi Bakı da bunu gözləyir. Rəsmi Bakı Azərbaycanla Vaşinqton arasında münasibətlərin normal müstəvidə davam etdirilməsində maraqlıdır. İndiki administrasiya bir çox ölkələrin daxili işinə qarışmamağı rəhbər tutacaq.
O üzdən, ABŞ-ın Azərbaycanla münasibətlərində yeni bir mərhələ başlaya bilər. Artıq hansısa vasitələrdən Azərbaycana qarşı təzyiq rıçaqı kimi istifadə etmək geridə qaldı. Tramp və onun komandası praqmatik mövqedən çıxış edəcək. Respublikaçıların ümumi siyasi vizionu Azərbaycanla münasibətlərə daim isti yanaşır. Fikrimcə, bu dəfə də belə olacaq”.