Ermənistan bu əraziləri Azərbaycana VERƏCƏK – Deputat
“Hansı xəritə əsasında ərazilərin demarkasiya və delimitasiyası aparılırsa aparılsın, istənilən halda Ermənistan Azərbaycana torpaq verməli olacaq”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Cəbhə Partiyasının başqanı, deputat sədri Razi Nurullayev deyib.
Ermənistanla sərhəd ərazilərin demarkasiya və delimitasiyasını şərh edən MCP sədri bildirib ki, hər bir halda Ermənistanın Azərbaycana torpaq borcu var:
“Çünki Sovetlər Birliyi dövründə o xəritələrdə həmin ərazilərin Azərbaycan ərazisi olmasına baxmayaraq, müxtəlif yollarla Azərbaycan Ermənistana müəyyən güzəştlər etməyə məcbur edilib. Doğrudur, hazırda ümumi şərti sərhəd olub, mən də inanıram ki, Ermənistanın Tavuş vilayəti ərazisindən Azərbaycana müəyyən torpaqlar verilməsi ilə nəticələnəcək. Ermənistanın digər ərazilərimizdə demarkasiya və delimitasiyası olması isə növbəti mərhələyə saxlanılacaq. Çünki orda mübahisəli məsələlər daha çoxdur”.
Deputat hesab edir ki, Azərbaycanın qərb sərhədlərində demarkasiya və delimitasiya mövcud infrastrukturun olması baxımından daha asan baş tutacaq:
“Azərbaycanın qərb sərhədlərində demarkasiya və delimitasiya olunması isə daha asandır. Ona görə ki, orada mövcud infrastruktur var, həmin məsələlər də aydınlaşandan sonra artıq Ermənistan tərəfi də rahatlanacaq və öz xalqına müraciət edərək bildirəcək ki, biz nə qədər Azərbaycanın bizim torpaqlarımızı işğal etdiyini iddia etsək də, əslində, bizim onlara torpaq borcumuz olduğu üzə çıxır. O baxımdan, mən düşünürəm ki, bu da Azərbaycanın gələcək danışıqlarda mövqeyinin və ritorikasının güclənməsinə səbəb olacaq”.