Xəbərlər

Krallıq Ukraynaya ordu yeritməyə hazırdır – ŞƏRH

Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski, Böyük Britaniyanın Baş naziri Kir Starmer iki dövlət arasında ticarət, təhlükəsizlik, müdafiə, təhsil və digər sahələr üzrə möhkəm əlaqələr üçün 100 illik tərəfdaşlıq sazişi imzalayıblar.

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.

Onun sözlərinə görə, ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq sazişinin imzalanmasının ardınca, Böyük Britaniya-Ukrayna arasında demək olar ki, eyni mahiyyətli sazişin imzalanması heç də təsadüfi deyil, bir-biri ilə sıx əlaqəli və ümumi hədəfli bir planın ayrı-ayrı hissələridir:

“ABŞ və Böyük Britaniya nəinki NATO blokunda ən yaxın müttəfiqlər, eləcə də “Beş göz” Birliyinin üzvü kimi, bütün kəşfiyyat məlumatlarını bölüşür, siyasətlərində koordinasiya edirlər. Bu baxımdan həm ABŞ-Ermənistan, həm də Böyük Britaniya-Ukrayna arasında strateji tərəfdaşlıq sazişləri müttəfiqlərin razılaşması üzrə bölgü ilə icra edilən bir plandır. Təbii ki, bu böyük plan yeni gediş və mərhələlərlə növbəli şəkildə davam etdiriləcək.

Hər iki sazişdə bir tərəfdən NATO-nun ən yaxın müttəfiqiləri ABŞ və Böyük Britaniya, qarşı tərəfdə isə Rusiya və İran dayanır. Böyük Britaniya və Ukrayna arasında bağlanan sazişdən irəli gəlir ki, Rusiya-Ukrayna müharibəsi davam edəcək, Ukraynanın əraziləri Rusiyaya güzəştə verilməyəcək, ən azı hüquqi baxımdan. Artıq Böyük Britaniya Ukraynaya sülhməramlılar adı ilə ordu yeritməyə hazır olduğunu da bildirib. İndiki mərhələdə ehtimal və müzakirə edilən Ukrayna Rusiya danışıqları mümkünsüz hala gəlir.

ABŞ-nin Türkiyədən xahişi nəticəsində əldə edilən Həmasla İsrail arasında atəşkəs həm güclərin cəmləməsinə və İsrailin də müttəfiqləri ilə bir istiqamətdə proseslərdə iştirakını təmin edir. Görünür ki, Həmas artıq İranın nəzarətindən çıxıb. Həmas Fələstinin azadlığından çox İranın maraqlarının girovuna çevrildiyinin fərqindədir. Elə Hizbulla da. Suriyada Bəşər Əsəd rejimini devirən Türkiyə, ABŞ və İsrail böyük bir plan üzrə mərhələli şəkildə hərəkət edir. Yəni bütün bunlar, qlobal dünya bölgüsündə vahid planın ayrı-ayrı meydanıdır”.

Ekspert, dünya üçün təlatümlü və ağır bir dövrün başladığını qeyd edib:

“Əsas səhnə regionumuzla və qonşu dövlətlərlə bağlı olduğundan Azərbaycan üçün də çətin bir sınaq dövrüdür. Çox güman ki, Ermənistan Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının tezləşdirilməsi üçün Qərb müəyyən addımlar atacaq. Güclü orduya və potensiala malik olan Azərbaycan müdrik siyasəti ilə bu sınaqdan da üzüağ və qazanclı çıxacağı şübhəsizdir.

Rusiya-Ukrayna müharibəsində İranın Rusiyaya hərbi yardımı da cavabsız qalan deyil. İndi İran və Rusiyanın hədəfdə olduğu aydındır. Rusiya və İran ətrafında halqa daralır. Buna görə də İran və Rusiya özlərini birlikdə qorumağa çalışır və bu gün Moskva və Tehran aralarında bir ilə yaxın müzakirəsi etdiyi 20 illik strateji tərəfdaşlıq müqaviləsini nəhayət imzalayıb”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu