Xəbərlər

Məkkədə fəlakətlər: İlahi xəbərdarlıq – Tural İrfan YAZIR

Məkkədə son illər şiddətli yağıntılar, sel və dağıntılar müşahidə olunur. Quranda bu yerlərin əminamanlıq məkanı olduğu deyildiyi halda nədən belə hadisələr baş verir?

Təbii ki, təbiət hadisələrinin iqlim dəyişikliyi və başqa səbəblərdən baş verməsi barədə elmi izahlar öz yerində, ancaq bunun dini izahı da var.

Müsəlmanlara ilahi xəbərdarlıq. Peyğəmbərin bir çox gizlədilən hədislərinə əsasən belə hadisələr müsəlmanlar yolunu azdıqda xəbərdarlıq, ilahi mesaj, ibrət olaraq baş verir.

Muhyiddin Əl Ərəbi, Əhməd Əl Buni kimi alimlərin mülahizələrinə və yozumlarına görə sel və suların artması günahın çoxalmasını bildirir. Yəni, mənən, daxilən yuyunmaq, paklanmaq lazımdır. Məkkədə baş verən sel-su ilə Allah mesaj verir ki, təkcə cismən qüsl və dəstəmaz almağı təmizlənmək olaraq qəbul etmirəm, əsas daxili təmizlikdir.

Şiddətli istilər isə zülmün artmasını göstərir ki, Allah istiləri artırmaqla bəndələrə Cəhənnəmi xatırladır.

Bəzən isə yolunu azmış və azğınlaşmış qövmə başqa bir zalım dəstəni müsəllət edir. Necə ki, Çingiz Xan Xarəzmşahları məğlub edəndə böyük məscidləri görüb soruşub ki, bunlar Sultanınmı evləridir? Xeyr, Allahın evləridir, cavabını aldıqda demişdir: siz Allaha böyük-böyük evlər tikib özünüz isə daxilən günah və çirkab içində qalmısınız. Halbuki Allahın bu evlərə ehtiyacı yoxdur və onun məqamı insanın qəlbidir…

Eyni zamanda Abbasi xəlifələri həddini aşdığı zamanda Hulahu Xan zühur etdi, əvvəlcə Ələmut qalasını partlatdı, fars fəsadının kökünü kəsdi və sonra İraqın altını üstünə gətirərək ikinci ərəb fəsadına qarşı başqa bir fəsadla cavab verdi.

Ədalət yerində olmayanda, tamahkarlıq, zülm olanda hətta haqlı tərəfi də Allah ibrət üçün məğlubiyyətə düçar edir. Peyğəmbərin Uhud savaşında müsəlmanların bir qismi qənimət peşində olduqları üçün qalib gəlməyə az qalmış məğlub oldular. Quranda bu haqda tənbehlər var.

Allah ədalətsiz iradə etmir ki, burada mənim Peyğəmbərim var, ona görə haqsızlıq edənlər olsa da mütləq onları qalib etməliyəm. Belə deyil. Allah kim olursa olsun, mütləq ədaləti iradə edir.

Əslində müsəlman aləminin düşdüyü bu günki ağır durum özlərini Allaha, İslama mənsub bildikləri halda onun əksinə getmələridir. Bəlkə də dindən imtina edib başqa əqidəyə keçsələr bu zülm yaşanmaz.

Bir alimin dediyi kimi, İslamı ya tam olaraq alın ya da buraxın! Yarımçıq İslam İran rejimi kimidir. Adı müsəlman, mahiyyəti kafir. Adı İslam, özü faşist…

Tural İrfan – Milli Cəbhə Partiyasının başqan müavini, ilahiyyatçı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu