Tramp Azərbaycan və Türkiyəyə münasibətdə konstruktiv olacaq – Ekspert
“ABŞ-ın yenindən seçilmiş prezidenti Donald Trampın Yaxın Şərqlə bağlı siyasəti İsrailin maraqlarına uyğun davam edəcək. Azərbaycan və Türkiyəyə münasibətdə isə Donald Trampın münasibəti daha loyal və konstruktiv olacaq”.
Bunu Hafta.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov bildirib.
Ekspert qeyd edib ki, Avropaya rus qazının Ukrayna üzərindən verilməsinin dayandırılması və Suriyada Bəşər Əsəd rejiminin devrilməsində Azərbaycan, Türkiyə və ABŞ-ın maraqları üst-üstə düşür:
“Avropa indiki qaz böhranından daha çox Azərbaycan və Türkiyə vasitəsi ilə çıxmaq istəyir. Türkiyə özü də kəşf etdiyi qaz yataqlarını istismar edib, Avropaya satmaq niyyətindədir. Avropanın indiki qaz çətinliyi vəziyyətində ABŞ da öz sıxılmış qazını Avropaya daha artıq həcmdə və daha da baha qiymətə satmaq imkanı qazanıb. Azərbaycanın isə rolu Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli dərəcədə artıb. Heç şübhəsiz ki, Azərbaycan bu vəziyyətdən maksimal dərəcə də öz milli maraqlarını təmin etmək üçün istifadə edəcək. Prezident İlham Əliyevin Azərbaycan TV kanallarına verdiyi geniş müsahibədə Zəngəzur dəhlizi barədə açıqlaması Azərbaycanın gözləntilərinin reallaşacağına şübhə qoymur”.
V.Dadaşov bildirib ki, Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi ehtimalının yüksək olduğu dəfələrlə qeyd edilirdi:
“Donald Trampın prezidentliyi müəyyən narahatçılıq vəd etsə də, onun şəxsi baxış və münasibətləri ABŞ-ın oturuşmuş siyasətinə əhəmiyyətli dəyişikliklər gətirməyəcək”.